Azərbaycan–Ermənistan münasibətlərində sülh və iqtisadi inteqrasiya mərhələsi
Ermənistanın Azərbaycan və Türkiyənin enerji sisteminə qoşulmasının məqsədəuyğun olduğu bildirilib. APA-nın Ermənistan mediasına istinadən yaydığı məlumata görə, bu fikirlər Baş nazir Nikol Paşinyanın keçirdiyi brifinq zamanı səsləndirilib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Taleh Əliyev bildirib ki, bu proseslər qalıcı sülhün, eləcə də normal münasibətlərin formalaşmasına töhfə verən əsas amillərdən biri kimi qiymətləndirilir:
“8 avqustda Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində mühüm addımlar atılmağa başlanıb. Bu proseslər ilk növbədə Azərbaycanın təşəbbüsü ilə, dövlət maraqları nəzərə alınmaqla davam etdirilən sülh siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Söhbət Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınmasına icazə verilməsindən, eləcə də Azərbaycanın neft məhsullarının Ermənistana tədarükü ilə başlayan iqtisadi əlaqələrin formalaşmasından gedir. Qeyd olunan addımlar Ermənistanın iqtisadiyyatının Azərbaycan və Türkiyə ilə qarşılıqlı inteqrasiyası fonunda davamlı və etibarlı sülhün möhkəmlənməsinə ciddi töhfə kimi dəyərləndirilir. Qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi Ermənistanda sülhə qarşı olan, müharibə tərəfdarı qüvvələrin mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Bu yanaşma Azərbaycanın suverenliyi və təhlükəsizliyi kontekstində olduğu kimi, Ermənistan üçün də yeni imkanlar yaradır. Ermənistanın “başqa ölkələrin forpostu” modelindən uzaqlaşaraq öz milli maraqlarına və qonşu dövlətlərlə əməkdaşlığa əsaslanan daha suveren bir dövlətə çevrilməsi perspektivi ön plana çıxır. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın ifadə etdiyi “real Ermənistan” konsepsiyası ilə də uzlaşır. Eyni zamanda enerji sektorunda əməkdaşlığın başlanması Ermənistanın beynəlxalq enerji şəbəkəsinə inteqrasiyasına şərait yarada bilər. Azərbaycandan Naxçıvana enerji ötürülməsi, bunun müqabilində isə Ermənistana digər strateji məhsulların çatdırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi regionda davamlı və qalıcı sülhün, eləcə də normal münasibətlərin formalaşmasına töhfə verən əsas amillərdən biri kimi qiymətləndirilir”.
Aydan Əsgərxanlı
