Azərbaycan futzal millisi Danimarka ilə yoldaşlıq görüşlərinə hazırlaşır
Azərbaycan millisinin futzalçıları ilk oyunlara ciddi hazırlaşıb. Komanda Danimarka ilə keçiriləcək yoldaşlıq görüşlərini qələbə ilə başa vurmaq niyyətindədir və hazırlıq prosesi artıq yekun mərhələyə daxil olub.
Mövzu ilə bağlı Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan” klubunun vitse-prezidenti Mahmud Sadıqov “İnformator.az”a açıqlamasında bildirib ki, gənc oyunçuların milli komandaya cəlb olunması təsadüfi deyil:
“Gənc oyunçuların yoxlanılması üçün yoldaşlıq görüşlərindən istifadə olunur. Baş məşqçilər rəsmi oyunlarda sınaqdan keçmiş futbolçulara üstünlük verirlər. Yoldaşlıq oyunları ona görə vacibdir ki, gənc oyunçular yoxlanışdan keçirilsin, onların potensialı qiymətləndirilsin və onlar haqqında fikir formalaşsın”.
Müsahib qeyd edib ki, Danimarka inkişafda olan komandadır:
“Azərbaycan millisi isə sırf yerli futbolçulardan təşkil olunub. Baş məşqçimiz kollektiv oyuna üstünlük verir. Birlikdə formalaşmış komanda olarsa, müəyyən nəticələr əldə etmək mümkündür. Bu oyunlara nəticə baxımından deyil, təşkilatçılıq və komanda ruhunun formalaşdırılması prizmasından yanaşmaq lazımdır. Yoldaşlıq oyunları müxtəlif sınaqları və taktiki düşüncələri həyata keçirmək üçün keçirilir. Hesab edirəm ki, hər iki oyunda da gözəl atmosfer olacaq. Azərbaycan millisi bu görüşlərdən maksimum dərəcədə faydalanacaq. Təbii ki, hamı qələbə qazanmaq istəyir. Biz də milli komandamıza uğurlar arzulayırıq”.
Zəhra Möhübbətova
