Azərbaycan güləşçilərinə Dünya Kubokunda hakim ədalətsizliyi!
Azərbaycan idmançılarının Hindistanın Nyu-Dehli şəhərində keçirilmiş zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda daha uğurlu nəticə göstərmələrinə hakimlərin ədalətsiz qərarları mane olub.
Mövzu ilə bağlı Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov “İnformator.az”a açıqlama verib. O qeyd edib ki, Dünya Kubokunda idmançıların çıxışı əslində çox yaxşı idi və çıxışlarını müsbət qiymətləndirir:
“Güləşçilərimiz yarışda hakim ədalətsizliyinə rəğmən medallarla qayıdıblar. Komanda olaraq 3-cü yerə layiq görülüblər. Mən bunu müsbət qiymətləndirirəm. Çünki biz nə qədər müsbət yanaşsaq, onlar bir o qədər motivasiyalı olacaqlar. Hakimin ədalətsizliyi İran güləşçiləri ilə olan yarışda özünü göstərib. Ümumi komanda xallarına baxsaq, azərbaycanlı güləşçilərə az xal verilib. Bundan başqa, İran idmançılarının bizim güləşçiləri sıxması ilə 3-cü yerə qərarlaşdırıldıq”.
Müsahibimizin sözlərinə görə, belə halların yaşanmaması üçün federasiyalara müəyyən müraciət məktubları və ya zənglər edilir:
“Beynəlxalq Federasiyanın baş katibinə zəng və ya rəsmi müraciət məktubları göndəririk, vəziyyəti açıqlayırıq. İdmançılarımızın yarışlarda belə hallarla üzləşməsini qənaətbəxş hesab etmirəm. Buna görə də yarışlardan öncə baş tutan seminarlarda və görüşlərdə öz fikirlərimi bildirirəm. Bu, həm də yarışların tam şəffaf keçirilməsi üçün vacibdir”.
Zəhra Möhübbətova
