Azərbaycan Gürcüstan iqtisadiyyatına 83,9 milyon dollar investisiya yatırıb
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, ötən il Azərbaycan bu ölkəyə 83,9 milyon ABŞ dolları həcmində investisiya yönəldib. Sərmayələrin əsas hissəsi-59,2 milyon dollar (70,5%) - nəqliyyat sektoruna yatırılıb. Azərbaycan həmçinin Gürcüstanda ticarət (16,8 milyon dollar) və istehsal (10,4 milyon dollar) sahələrinə də investisiya edib. Ölkəmiz 2024-cü ildə Gürcüstanın əsas investorları arasında 5-ci yeri tutub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki,Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya yatırması və 2024-cü ilin yekunlarına əsasən Gürcüstana investisiya yatıran 5 ölkədən 5-ci ölkə olması onu göstərir ki, Azərbaycan qonşu ölkə olan Gürcüstanla təkcə siyasi-diplomatik müstəvidə deyil, həm də iqtisadiyyat, ticarət sahəsində münasibətlərin inkişafında maraqlıdır:
"Və təbii resurslardan kasad olan Gürcüstanın coğrafi mövqeyi və tarixi-mədəni əlaqələri nəzərə alınmaqla Azərbaycan bu qonşu ölkənin də həm Azərbaycan-Türkiyə-Gürcüstan müstəvisində inteqrasiya olunmasına, eyni zamanda orta dəhlizin bir marşurutu olaraq Gürcüstanın ərazisindəndə logistik marşurutların keçilməsinə xüsusi önəm verir. Şübhəsiz ki, Gürcüstana yatırılan sərmayə Azərbaycanla Gürcüstan arasında strateji əlaqələrin daha da yüksək səviyyə almasında önəmli rol oynayır. Nəzərə alsaq ki, Gürcüstanda Azərbaycanın tarixi torpaqları olan Borçalı mahalında və o cümlədən Tbilisidə, Gürcüstanın ayrı-ayrı regionlarında bütövlükdə yarım milyondan çox soydaşımız yaşayır. Bu həm də soydaşlarımızın Gürcüstanda diskriminasiya, ayrıseçkilik kimi hallara məruz qalmamasına zəmanət verir. Çünki, dövlətlərarası münasibətlərin yüksək səviyyədə olması şübhəsiz ki, Gürcüstanda yaşayan soydaşlarımızın da Gürcüstana, Gürcüstan cəmiyyətinə inteqrasiya olması baxımından da əhəmiyyətlidir. Biz elə sonuncu parlament və bələdiyyə seçkilərini nəzərə alsaq görərik ki, istər iqtilad olsun istərsə də müxalifət Azərbaycan əsilli Gürcüstanın vətəndaşlarının adlarını özlərinin siyahısına salmaqla həm orada yaşayan yarım milyonluq seçici səsini qazanmağa hədəfləyir. Eyni zamanda Azərbaycanla dövlətlərarası münasibətlərin də sağlamlaşdırılmasına diqqət yetirir. Bu baxımdan hesab edirəm ki, qonşu və qardaş Gürcüstana Azərbaycan tərəfindən sərmayələrin yatırılması bu ölkədə sabitliyin və tərəqqinin təmin olunmasında mühüm rol oynayır və bu da qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verir".
Aişə Mustafayeva