Azərbaycan II Liqasının ən yaxşı bombardiri
Azərbaycan II Liqasının ən yaxşı bombardiri olan Cavid İmamverdiyev gənclərə nümunə olduğu üçün sevinir.
“İnformator.az” xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu açıqlama verib.
II Liqada “Sheki City” nin formasını geyinən hücumçu ümumilikdə 65 qol vurmasına münasibət bildirib:
“II Liqa olsa belə, mənim üçün sevindirici haldır. Düşünürəm ki, bu, gənc futbolçular üçün bir nümunədir və onlara müsbət nələrsə göstərə bilmişəm. Gənc futbolçuların mənim müsbət tərəflərimdən maksimum yararlanacaqlarına ümid edirəm. Bu, onlara futbolun yaşa baxmadığını göstərən bir nümunədir. 35 yaşın olsa belə, hər şey özündən asılıdır. Çox çalışmaq, məşq etmək lazımdır. Sevinirəm ki, gənclərə nümunə ola bilmişəm”.
“Neftçi”nin yetirməsi Premyer Liqadan təklif gələrsə, sevə-sevə qəbul edəcəyini deyib:
“Əlbəttə, Premyer Liqadan təklif alsam, sevə-sevə qəbul edərəm. Sadəcə, mənə 1 ay yaxşı təlim-məşq toplanışı lazımdır ki, əvvəlki formama qayıdım. Məni tanıyanlar bilirlər ki, formaya düşsəm, lazım gəlsə, 40-45 yaşıma qədər oynaya bilərəm. Düzdür, bu məsuliyyəti hər klub öz üzərinə götürməz. Amma götürsə, peşman olmaz”.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının açıqladığı statistikaya əsasən C.İmamverdiyev 65 qolla Azərbaycan II Liqasının ən yaxşı bombardiridir.
