00:00:00
Yazar
Admin User
14.11.2025 17:52 178 5 dəq oxuma
İqtisadiyyat

Azərbaycan iqtisadi dayanıqlığın artırılması üçün ADB ilə əməkdaşlığı davam etdirəcək

Azərbaycan iqtisadi dayanıqlığın artırılması üçün ADB ilə əməkdaşlığı davam etdirəcək

Bunu Bakıda keçirilən Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə “Asiya Mikro, Kiçik və Orta Müəssisələr Monitoru 2025” hesabatının təqdimatında çıxış edən maliyyə nazirinin müavini Anar Kərimov bildirib.

 

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elman Sadıqov "İnformator.az"a açıqlamasında bildirib ki, dayanıqlılıq və uyğunlaşma müasir bizneslərin uğurunun təməlidir:

 

"Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığı bu günə qədər müxtəlif istiqamətləri əhatə edib və bundan sonrakı mərhələdə əməkdaşlığın əsas prioritetləri yaşıl enerji, yaşıl artım, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi və regional inteqrasiya məsələləridir. Digər vacib sahələrdən biri isə kiçik və orta sahibkarlığın dəstəklənməsi və inkişaf perspektivləridir. Buraya enerji səmərəliliyi, maliyyə sektorunun dərinləşdirilməsi, kredit və investisiya mühitinin yaxşılaşdırılması, eləcə də dövlət-özəl tərəfdaşlığının təşviqi daxildir. Əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsi üçün mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etməkdir. Bu istiqamətdə görüləcək işlərə daxildir, maliyyə dayanıqlığının təmin olunması, kreditləşmə, güzəştli maliyyələşmə və s, məhsulların yerli və xarici bazarlara çıxarılması xüsusilə ixrac və brendləşmə, kadr potensialının gücləndirilməsi və peşə hazırlığı, yaşıl enerji sahəsində təşəbbüslərin dəstəklənməsi, gender bərabərliyi və sosial inklüzivliyin təmin olunması. Dövlət və özəl sektor arasında effektiv əməkdaşlıq dünya təcrübəsinə əsaslanaraq qurulmalıdır. Bu baxımdan, Asiya İnkişaf Bankı ilə birgə layihələrin hazırlanması və icrası, iqtisadiyyatın, xüsusilə də mikro, kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək. Asiya Mikro, Kiçik və Orta Müəssisələr Monitoru 2025 hesabatında Azərbaycana dair əsas nəticələr, hesabatda mikro, kiçik və orta sahibkarlığın (KOB) ölkə iqtisadiyyatına təsiri, məşğulluq səviyyəsində rolu, özəl sektorun inkişafındakı əhəmiyyəti, həmçinin hansı sahələrin stimullaşdırılması vacib olduğu təhlil edilir. Xüsusilə diqqətə çatdırılır ki, Azərbaycanda bütün müəssisələrin 99,7%-i KOB-lardır. Bu göstərici 2022-ci illə müqayisədə 6,12% artım deməkdir. Ölkədə ümumilikdə 401.149 KOB qeydiyyata alınıb. Onlardan 97%-i mikro sahibkarlıq, 2,1%-i kiçik sahibkarlıq, 0,8%-i isə orta sahibkarlıq təşkil edir. Bu rəqəmlər göstərir ki, KOB-lar Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Hesabatda digər ölkələrin göstəriciləri ilə müqayisə də aparılıb. Məsələn, Almaniyada ümumdaxili məhsulun 44%-i mikro, kiçik və orta sahibkarlığın payına düşür. Bu isə onu göstərir ki, inkişaf etmiş ölkələrdə belə KOB-lar iqtisadiyyatın aparıcı qüvvələrindən biridir, baxmayaraq ki, Almaniyada iri banklar məsələn, Deutsche Bank, Commerzbank və nəhəng sənaye şirkətləri Bosch, Siemens və s. mövcuddur. Bu təhlillər Azərbaycan üçün də KOB sektorunun dəstəklənməsinin nə qədər vacib olduğunu bir daha göstərir. Kiçik və orta sahibkarlığın (KOB) ümumdaxili məhsulun (ÜDM) formalaşmasındakı rolu müxtəlif ölkələrdə kifayət qədər yüksəkdir.  Almaniyada 44%, ABŞ-də 43.5% ,Çində 60%, Tayvanda 30–35%, Yaponiyada53%, Türkiyədə 55%, Böyük Britaniyada 50%, İtaliyada 66%, İspaniyada 62%, Qazaxıstanda 32% Özbəkistanda 56%. Bu rəqəmlər göstərir ki, KOB-lar bir çox ölkələrdə iqtisadiyyatın aparıcı dayağıdır. Qeyd etmək lazımdır ki, adətən resurslara əsaslanan ölkələrdə yəni əsas gəliri neft, qaz kimi təbii ehtiyatlardan olan ölkələrdə KOB-ların rolu nisbətən arxa planda qalır. Bu müəyyən qədər təbiidir. Buna görə də Azərbaycanın yeni iqtisadi strategiyasında xüsusilə postneft dövründə kiçik və orta sahibkarlığın iqtisadiyyatda çəkisinin artırılması əsas vəzifələrdən biri kimi müəyyən edilib. Ölkə Prezidenti bu sahəyə xüsusi diqqət ayırıb. Məqsəd tədricən neft sənayesindən asılılığın azaldılması və KOB-ların daha çox inkişaf etdirilərək iqtisadiyyatın aparıcı gücünə çevrilməsidir. Bu yanaşma təqdim olunan hesabatda da öz əksini tapıb və KOB sektorunun inkişafının vacibliyi bir daha vurğulanıb".

 

 

Müsahib bildirib ki, 2023-cü ildə Azərbaycanda kiçik və orta sahibkarlığın (KOB) ÜDM-də payı cəmi 18% təşkil edib. Bu göstəricinin artırılmasına ciddi ehtiyac var:

 

 

"ADB ilə əməkdaşlıq çərçivəsində əsas gözlənti mikro, kiçik və orta biznesin inkişafı, insan kapitalının gücləndirilməsi və yaşıl enerjidə yeni təcrübələrin tətbiqidir. Xüsusilə KOB-ların maliyyələşdirilməsi və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi prioritet məsələlərdir. Əgər bu sahələrdə inkişaf təmin olunarsa, Azərbaycan iqtisadiyyatı həm şaxələndirməyə, həm də ixtisaslaşmaya nail ola bilər. Şaxələndirmə vacibdir, lakin ölkə bütün sahələrdə istehsal edə bilməz. Buna görə də ixtisaslaşma ilə yanaşı, məqsədli şaxələndirmə daha səmərəli inkişaf modelidir. Azərbaycana uyğun olan da məhz budur. Hesabatın təqdimatı Azərbaycanda sahibkarlığın inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Təəssüf ki, təbii resurslara malik olan ölkələrdə, o cümlədən Azərbaycanda da kiçik və orta sahibkarlıq bir çox hallarda arxa planda qalır və bu sektorun önəmi cəmiyyət vasitəsilə yetərincə dəyərləndirilmir. Halbuki dünya təcrübəsi göstərir ki, KOB məşğulluğun 40–70%-ni təmin edir, dövlət büdcəsinə ciddi vergi daxilolmaları yaradır və iqtisadiyyatın dayanıqlığını gücləndirir. 2023-cü ildə Azərbaycanda KOB-un ÜDM-də payı cəmi 18% təşkil edib. Bu rəqəm digər ölkələrlə müqayisədə çox aşağıdır və sahibkarlığın inkişafı üçün ciddi siqnaldır. Bu təqdimat bir daha sübut edir ki, Azərbaycanda mikro, kiçik və orta biznesə yeni yanaşma, yeni düşüncə tərzi və dəstək mexanizmləri tətbiq olunmalıdır. KOB-un inkişafı iqtisadiyyatın şaxələndirilməsi, məşğulluğun artırılması və qeyri-neft sektorunun güclənməsi baxımından əsas hədəf olmalıdır. Burada xüsusilə vurğulanmalı bir məsələ var. Maliyyə nazirinin birinci müavini Anar Kərimovun çıxışında səsləndirdiyi çox önəmli fikir “İnanırıq ki, dayanıqlılıq və uyğunlaşma qabiliyyəti gələcəyə hazır bizneslərin uğurunu müəyyən edəcək”. Bu, kifayət qədər ciddi və dəyərli yanaşmadır. Çünki müasir dövrdə cəmiyyət və bazar şəraiti sürətlə dəyişir. Belə bir şəraitdə bizneslərin ən böyük çağırışı dayanıqlı qalmaq və dəyişən şərtlərə tez uyğunlaşmaqdır. Risklərin idarə edilməsi, çevik qərarvermə və texnoloji yeniliklərə adaptasiya bu qabiliyyətin tərkib hissələridir. Əks halda, bazar tələblərinə cavab verə bilməyən bizneslər geridə qalır və rəqabətə tab gətirə bilmir. Bu baxımdan Kərimovun fikri biznes strategiyalarında əsas istiqamət kimi götürülməlidir. Dayanıqlılıq və uyğunlaşma müasir bizneslərin uğurunun təməlidir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər