AZƏRBAYCAN-İSRAİL UNİVERSİTETLƏRİ YAXINLAŞIR
"Nə xoşdur bizə, bu cür fürsət oldu ki, Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olduq. Burada biz səmimilik və qonapərvərliklə qarşılandıq. Azərbaycan və İsrail arasında daimi əlaqələr olub. İqtisadiyyat və təhlükəsizlik baxımından bu əlaqələr daha genişdir. İsrail Azərbaycana kömək göstərir və həmçinin İsrailə neftin 50%i Azərbaycandan gəlir" - İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoru Şimon Ohayon Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin platformasında “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusundakı beynəlxalq elmi konfransı bu sözlərlə açıb. Şimon Ohayon bu günün İsrail və Azərbaycan tarixində əlamətdar olaraq yadda qalacağını qeyd edib. “İnanırıq ki, Azərbaycanda olan bu konfransımız bir başlanğıc olacaq və bizim görüşlərimiz davam edəcək".
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxışında əsas diqqəti Azərbaycan və İsrail gəncləri arasındakı münasibətlərə çəkib. Bildirib ki, Bar İlan Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əlaqələrə başlanılması qərara alınıb. Bar-İlan Universiteti Təhsil fakültəsinin dekanı Zehavit Qross isə bu əlaqələrin genişləndirilməsinin önəmindən danışıb. “Çünki ortaq nöqtələrimiz çoxdur. İki dövlət də çox yaxşı başa düşür ki, multikulturalizm ən vacib məqamlardan biridir. Elə müasir dünyada yaşayırıq ki, hər bir tələbənin ehtiyacını qarşılamaq üçün diqqətli olmalıyıq. Hər bir tələbənin təhsilalma hüququ var. Biz buna görə də bu sahədə Multikulturalizmi kultivasiya etməliyik".
Azərbaycan Dillər Universitetində baş tutan konfransda Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox tədqiqatçı-alim iştirak edib.
ZİBEYDƏ ƏLİZADƏ
