Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
"Antidopinq qaydalarının pozulmasının qarşısını almağın ən təsirli yolu idmançıların bilik və məsuliyyət səviyyəsini yüksəltməkdir".
Bu sözləri Azərbaycam Milli Antidopinq Agentliyinin mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bunun üçün maarifləndirmə tədbirləri ardıcıl, nəzəri-praktik yanaşma əsasında və geniş auditoriyanı əhatə edən şəkildə həyata keçirilməlidir:
"AMADA 2025-ci ilin ilk doqquz ayı ərzində preventiv yanaşmanı gücləndirmək məqsədilə aktiv fəaliyyət göstərib və bu dövrdə 77 maarifləndirici tədbir həyata keçirib. Bunlardan 35-i seminar, 6-sı vebinar, 10-u praktiki təlim, 20-si təbliğat və 6-sı kütləvi tədbir olub. Bu fəaliyyətlər nəticəsində idmançılar və onların köməkçi heyəti daxil olmaqla 3164 nəfər antidopinq məlumatlandırma prosesinə cəlb olunub. Maarifləndirici tədbirlər çərçivəsində qadağan edilmiş maddə və metodlar, dopinq nəzarəti qaydaları, idmançının hüquq və vəzifələri, terapevtik istifadə üçün istisnaların tətbiqi, dərman və qida əlavələrinin potensial riskləri və səhv istifadənin nəticələri ətraflı izah olunub. Eyni zamanda, dəyərlərə əsaslanan maarifləndirmə yanaşması vasitəsilə gənc idmançılarda dürüstlük, ədalət, sağlam rəqabət və məsuliyyət prinsipləri möhkəmləndirilib.
Maarifləndirmənin daha geniş və əlçatan olması üçün çoxşaxəli tədris yanaşması həyata keçirilir. Buraya onlayn öyrənmə platformalarının istifadəsi, ADEL üzərindən lokallaşdırılmış kurslar, vizual və interaktiv tədris resursları, sosial media vasitəsilə məlumatlandırma və regionlarda keçirilən görüşlər daxildir".
Müsahibimizin sözlərinə görə, bu yanaşma informasiyanın yalnız elit idman mühitində deyil, ölkə üzrə bütün səviyyələrə çatdırılmasını gücləndirir və məlumatın ən riskli hədəf qruplara vaxtında ötürülməsini təmin edir:
"Qeyd etmək istərdik ki, istənilən halda idmançılara tətbiq edilmiş diskvalifikasiyalar fərdi xarakter daşıyır və orqanizmlərinə heç bir qadağan edilmiş maddənin daxil olmamasını təmin etmək idmançıların öz şəxsi öhdəliyidir. Bunun üçün idmançıdan başqa heç kəs məsuliyyət daşımır. Təbii ki, idmançıya qadağan edilmiş maddələrin təmin edilməsi, tövsiyə edilməsi, zorla tətbiq edilməsi də öz növbəsində məsuliyyət yaradan hallardır. Lakin belə bir hal mövcud deyilsə, diskvalifikasiya, barəsində icraat aparılan şəxslə məhdudlaşır.
Əgər idmançı qadağan edilmiş maddənin mövcudluğunun səbəbi kimi öz məlumatsızlığını, antidopinq qaydalarından xəbərsiz olmasını qeyd edirsə, bu halda həmin idmançının məşqçisinin, müvafiq idman federasiyasının antidopinq qaydaları barədə idmançını kifayət qədər maarifləndirmədiyini ehtimal etmək mümkündür".
Zəhra Möhübbətova
