Azərbaycan klubu Çelenc Kubokunda mübarizəni dayandırıb
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyununa çıxıb. Azərbaycan təmsilçisi Belçikada yerli “Lindemans” kollektivinin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb və “Xilasedici” Çelenc Kubokunda mübarizəni dayandırıb. Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə rəqib 3:0 hesablı qələbə qazanıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, "Xilasedici" komandası Çelenc Kubokunda hər iki oyunda uduzub:
“Bakıda ilk matçda 3:0, Belçikada cavab görüşündə isə 3:1 hesabı ilə rəqib üstün olub. Əsas səbəb rəqibin təcrübəsi və texniki hazırlığı idi. Belçikada komandada müəyyən yaxşılaşmalar da gördük. Hücum və bloklarda bir az irəliləyiş var idi, amma hələ də servis və konsentrasiya səhvləri qalırdı. Bu məğlubiyyət isə tam mənada mənfi deyil. Komanda üçün yaxşı dərs oldu, gələcək turnirlərdə taktika və psixoloji hazırlığa fokuslanmaq üçün imkan yaradacaq. Qısası, təcrübə qazandılar və növbəti dəfə daha hazırlıqlı olacaqlar”.
Nazim Xeyrxəbərli
