Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start verib
Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. İlk oyunda İslandiya yığma komandasının qonağı olan millimiz qarşılaşmada rəqibin 5:0 hesabı ilə məğlub olub.
Mövzu ilə bağlı futbol mütəxəssisi Ceyhun Sultanov "İnformator.az"a açıqlamasında bildirib ki, məğlubiyyətimiz özü çox mənfi bir hadisədir, qrupda digər komandalara qarşı xal qazana bilərdik:
"Gələcək oyunumuz Ukraynaya qarşı olacaq və qarşıdurmanın öz evimizdə olmasına baxmayaraq, bir o qədər çətin olması gözlənilir. Ümumilikdə komandamız hansısa rəqibi məğlub edəcək potensialda deyil, qarşıda daha acınacaqlı məğlubiyyətlərimiz ola bilər. Milli komanda bizimdir, Santuşlar gəlib gedərdi, ona görə bu futbolçularla davam etmək məcburiyyətindəyik. İnkişafdan danışırıqsa, bu futbolçularla inkişaf etməyi düşünməyə dəyməz, məncə, yeni kadrlara daha çox diqqət yetirmək lazımdır ki, milli komandamıza gəldiklərində, heç olmazsa, potensialları bundan üstün olsun".
Mələk Nəsirli
