“Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı kimi fənlərin əcnəbi dildə tədrisinə ehtiyac yoxdur”
Elm və təhsil naziri Emin Əmrullayev sonuncu brifinqdə belə bir fikir səsləndirib: ”Bəzi məktəblərin rus bölməsində şagirdlərin Azərbaycan dili biliyi yetərli deyil”. İnformator.az səsləndirilən bu problemlə bağlı təhsil ekperti Qoşqar Məhərrəmovun fikirlərini öyrənib.
Ekspert deyir ki, bəzi məktəblərin rus bölməsində şagirdlərin Azərbaycan dili biliyi yetərli deyil: "Bu, həqiqətən də ölkəmizdə acı reallıqdır. Ona görə də dövlət haqlı olaraq buna tədbir görməlidir. Çünki hər bir ölkə üçün dövlət dilinin tədrisi, dövlət dilinin məktəblərdə şagirdlər tərəfindən bilinməsi ən vacib amillərdən biridir. Müəllimlərin yanaşması, şagirdlərin valideynlərinin yanaşması, onların təfəkkürü, onların dövlət dilinə yanaşması əsasdır. Nəticə etibarilə, Azərbaycanda doğulub, böyümələrinə, yaşamalarına rəğmən valideynləri, müəllimləri onlarla Azərbaycan dilində danışmadığı üçün şagirdlər də ana dilllərini yaxşı bilmirlər. Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı kimi fənlərin əcnəbi dildə tədrisinə ehtiyac yoxdur. Fizika, kimya, biologiya-bu fənlər beynəlmiləl fənlərdir. Bu fənlərin müxtəlif xarici dillərdə tədrisi mümkündür".
Sayad Qoşnalıyeva
