Azərbaycan UEFA reytinqində 26-cı pillədəki mövqeyini qoruyub
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib. Avrokubokların bu həftəki oyunlarından sonra ölkəmiz 22.250 xalla 26-cı yerdə qalıb. Ukrayna 25-ci, Sloveniya isə 27-ci sıradadır. “Qarabağ” Çempionlar Liqasının VI turunda “Ayaks”a 2:4 hesabı ilə məğlub olub. Reytinqə İngiltərə liderlik edir.
“Azərbaycanın UEFA reytinqində irəliləməsi üçün əsas şərt klubların qrup mərhələlərinə daha çox düşməsidir”.
Bu sözləri jurnalist İlkin Məmmədkərimli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, “Qarabağ”ın mövsümü stabil sayılır və rəqabət çox sıxdır:
“Təkcə “Qarabağ”a yox, digər komandaların da xal toplaması vacibdir. “Qarabağ”ın mövsümü ümumilikdə stabil sayıla bilər, rəqiblərin səviyyəsinə baxanda komanda yenə maksimum mübarizə göstərib”.
Müsahibin sözlərinə görə, Ukrayna və Sloveniya ilə rəqabət sıxdır və hər matç önəmlidir:
“Ukrayna və Sloveniya ilə rəqabət isə çox sıxdır- hər iki ölkə mütəmadi xal toplayır və bizim həmin qrupda mövqeyimizi qorumaq üçün hər matç önəm qazanır. Hər bir oyunda komanda üçün maksimum nəticə əldə etmək əsas məqsədimizdir”.
Mələk Nəsirli
