Azərbaycanda animatorluq - Zaur Rövşənli ilə müsahibə
Azərbaycanda animatorluq, animasiyanın inkişafı hansı yerdədir? Bu sahənin inkişafı üçün nələr etmək lazımdır?
İnformator.az-ın qonağı animator Zaur Rövşənli Azərbaycanda animatorluq və onun müxtəlif yönləri, bu sahədə texnoloji inkişafın tutduğu yer haqqında danışıb. O, animasiya sahəsinin inkişafı üçün nələr etmək lazım olduğu haqqında müxtəlif məqamları qeyd edib, öz fikirlərini bildirib:
Azərbaycanda animasiya sahəsi hansı dərəcədə inkişaf edib?
Təəssüf ki, Azərbaycanda animasiya sahəsi çox da inkşaf etdib demək olmaz, nəzərə alsaq ki, animasiya uşaqlar üçün əyləncəli və məlumatlandırıcı sahədir. Bundan əlavə, animasiya video reklam bazarı sahəsində dünyada ən effektiv reklam çarxları hesab edilən bir sahədir. Dünyada bu qədər inkişaf etmiş bir sahənin, təəssüf ki, ölkəmizdə inkişaf etdiyini deyə bilməyəcəyəm.
Çatışan və çatışmayan cəhətləri hansılardır?
Çatışan cəhəti odur ki, ölkədə bu sahəyə kifayət qədər maraq və potensiallı gənclər var. Çatışmayan tərəfi isə texnika yoxluğu və maliyyə tərəfidir.
Bu sahədəki çətinliklər nədən ibarətdir?
Animasiya sahəsinin çətin olan tərəfi gec ərsəyə gəlməsidir. Lakin maraqlı sahə olduğundan bu çətinlik gözə görünmür.
Səsləndirmə hansı səviyyədədir?
Animasiya və ya digər videoların səsləndirilməsi düşünürəm ki, yaxşı səviyyədədir. Hazırda bir neçə səsləndirmə studiyaları var ki, bu işləri peşəkar səviyyədə yerinə yetirməyi bacarırlar.
Bu sahənin inkişaf etməsi üçün hansı addımları atmaq olar?
İlk olaraq, dövlətin bu sahəyə marağı olmalıdır. Bu sahəni tədris edən akademiyalar da çox azdır. Animasiya sahəsi üzrə festivallar təşkil olunsa da, uğurlu olmadığını düşünürəm. Bu sahənin daha çox inkişaf etməsi üçün uşaqlar üçün maarifləndirici çarxlar hazırlamaq olar. İnternet platformalarında keyfiyyət baxımından zəif olan, lakin baxış sayına görə böyük kütlə toplayan animasiyalar var. Düşünürəm, daha peşəkar çarxlar hazırlansa, daha effektiv olar. Digər tərəfdən isə insanlara animasiya video reklamların çox effektiv nəticə verdiyini çatdırmaq lazım olduğunu düşünürəm.
Bu sahədə texnoloji inkişaf hansı səviyyədədir?
Animasiya sahəsi üzrə texnologiya çox inkişaf edib. Əvvəlki illərə nisbətən kağız üzərində bir neçə rəsm çəkib hərəkətə gətirərək animasiya yaratmağa nəzər salsaq, indi bunu əvəz edən kifayət qədər texnikalar və proqramlar mövcuddur. Məsələn, buna misal olaraq, qrafika yaradaraq kamera vasitəsi ilə etdiyiniz hərəkətləri yaratdığınız qrafikanın etməsi, proqram vasitəsi ilə yaradılan qrafikanın əlinin, qolunun, üzünün hərəkətə gətirilməsini və s. deyə bilərəm.
Aydan Qasımova
