00:00:00
Yazar
Admin User
01.09.2023 09:50 1037 3 dəq oxuma
Sosial

Azərbaycanda boşanmalar artır

Azərbaycanda boşanmalar artır

Azərbaycanda son zamanlar boşanma sayları gün keçdikcə artmağa başlayıb. Çox zaman boşanmalar qısqanclıqlar, xəyanət üstündə və yaxud tərəflər arasında baş verən anlaşılmazlıqlar səbəbindən gerçəkləşir. Nəticədə, boşanma prosesi tərəflər arasında gərginliyə də səbəb olur.

 

Bəs boşanma saylarını necə tənzimləmək olar? Azərbaycanda boşanmalar zamanı tərəflər arasında danışıqların aparılması və ailə münasibətlərinin bərpası üçün hansı tədbirlər həyata keçirilir?

 

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənovanın sözlərinə görə, Azərbaycanda gün keçdikcə boşanmaların sayının silsilə şəklində artması həqiqətdir: "Boşanmaların sayının artmasının birinci səbəbi erkən evliliklər ilə bağlıdır. Azərbaycanda erkən evliliklərin sayı gün keçdikcə artır. Bundan əlavə, cütlüklər bir-birilərini yaxşı tanımadan evlənməyə qərar verirlər. Hesab edirəm ki, cütlüklər nikahlarını qeydiyyata almaq üçün qeydiyyat orqanlarına müraciət edən zaman onların ərizələri qəbul olunduqdan sonra nikahların rəsmiləşdirilməsi üçün vaxt verilməlidir. Bu vaxt müddəti ən azı 3 aya qədər uzadılmalıdır. Belə olan halda, erkən evlənməyə razı olan cütlüklər verdikləri qərarlara yenidən nəzər yetirə bilərlər. Bundan əlavə, sosial şəbəkələrin də rolu böyükdür."

 

Ekspert bildirir ki, Xxəyanət üstündə boşanmaların sayının artdığı təcrübədə daha çox müşahidə edilir: "Bəzən sosial şəbəkələrdən istifadə edən cütlüklər arasında müəyyən qısqanclıqların, xəyanətlərin olması halları ilə rastlaşa bilirik. Belə halların baş verməməsi üçün gənclər asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə fikir verməlidirlər. Həmçinin, günümüzün gəncləri televizora daha az baxırlar. Hər bir halda televiziyada gedən verilişlərin keyfiyyəti artırılmalı, tərbiyəvi, mənəvi verilişlərin yayımına üstünlük verilməlidir. Gənclərin vaxtlarının çoxunu sosial şəbəkələrdə keçirmələrini azaltmaq üçün onların asudə vaxtlarının təşkili üzrə müəyyən tədbirlər görülməlidir. Gənclər Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə bir sıra layihələr də həyata keçirə bilərlər".

 

O əlavə edir ki, ən böyük bəlalardan biri isə narkotik vasitələrindən istifadədir: "Bir çox hallarda boşanma zamanı qadın həyat yoldaşının narkotikdən istifadə fikrini irəli sürür. Nəticədə, qadının irəli sürdüyü arqument öz həqiqətini tapır. Bunun üçün narkotiklə mübarizə tədbirləri gücləndirilməli, maarifləndirmə işləri görülməlidir. Boşanma saylarının artmasında əsas səbəblərdən biri də cütlüklərin bir-birilərini başa düşməməsidir. Bəzən cütlüklər evlilik dönəmlərində baş verən çətinliklərdən sarsılırlar və nəticədə, boşanmaya qərar verirlər. Lakin belə cütlüklərin psixoloq dəstəyinə ehtiyacları olur".

 

Azərbaycanda boşanma saylarının qarşısı alınması üçün bir çox tədbirlər görüldüyünü deyən mətəxəssis Mediasiya İnstitutunun yaradılmasının bu istiqamətdə böyük bir addım olduğunu düşünür: "Hazırda boşanmaq istəyən cütlüklər əvvəlcə Mediasiya İnstitutuna müraciət etməli olurlar. Orada mediator cütlüklər arasında danışıqlar aparır. Mediasiyanın əsas məqsədi boşanma prosesini tərəflər arasında sülh yolu ilə həll etməkdir. Düşünürəm ki, bu istiqamətdə də müəyyən tədbirlər həyata keçirmək olar. Boşanmaq istəyən şəxslər ilə söhbət aparılmalı, ailə münasibətlərinin bərpası mümkün olduqda bu istiqamətdə bir sıra tədbirlərin, dəstəklərin həyata keçirilməsinə nail olunmalıdır. Həmçinin, mediasiya haqqında qanunda müəyyən müddəalar nəzərdə tutula bilər. Məsələn, mediator tərəflərlə söhbətlər zamanı ailənin bərpası qənaətinə gələrsə, tərəfləri psixoloqa yönəldə və yaxud prosesləri təxirə salıb tərəflərə vaxt verə bilər".

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər