"Azərbaycanda iş saatları azaldıla bilərmi?"
Azərbaycanda iş saatı məsələsi özəl və dövlət müəssisələrində fərqli olduğu üçün daim müzakirə olunan məsələlərdən biri hesab olunur. Bəs qanun bununla bağlı nə deyir? Azərbaycanda iş saatları dəyişdirilə bilərmi? Məsələ ilə bağlı İnformator.az-a açıqlama verən millət vəkili Razi Nurullayev bu məsələni dəfələrlə parlamentdə gündəmə gətirdiyini deyir. “Bu məsələni parlamentdəki çıxış zamanı belə, dəfələrlə müzakirə halına gətirmişəm. Problemin əsas səbəbini isə hər birimizin əziyyət çəkdiyi, tıxaclarda görürəm. Ölkəmizdə bütün işçilər standart olaraq, səhər saat 09:00-dan axşam 18:00-a qədər iş üstündə olur. Bu zaman çərçivəsində isə, şəhər iflic olur”. Millət vəkilinin sözlərinə görə, bu səbəbdən müxtəlif təkliflər qeydə alınmağa başlayıb. “Əmək Məcəlləsində insanların işləmə müddəti 8 saatdır. Məncə, bu vaxt hələki ölkəmiz üçün normaldır. Amma, düşünürəm ki, Azərbaycanda 8 saat dayanmadan işləyən insan tapmaq çox çətindir. Elə işçilərimiz var ki, hətta 0-14 saat aralığında əmək sərf edir. Qarşılıq olaraq isə, əmək haqqı belə verilmir. Qanuna diqqət yetirsək, bu insanlar əlavə əmək haqqı ilə təmin edilməli, şənbə-bazar günləri də işləyirsə, 2 qat əməyinin qarşılığı ödənməlidir”. Qanunvericilik bu maddələrin əksini tapdığını deyən Razi Nurullayev buna əməl etməyənləri qınayır. Deyir ki, Azərbaycanda əməkhaqqı iş saatına görə verilmir. “Günümüzdə çox insan bir qul kimi işləyir. Qaydaya əməl edilsə, çox yaxşı olar. Hazırda müqayisə etsək, 2 və 10 saat müddətlərində işləyən insanların əmək haqqında ciddi bir fərq müşahidə edilmir. Bizim insanlarımız zamana dəyər verməyi bacarmır, onu dəyərsizləşdirir”.
Millət vəkili Kamilə Əliyeva isə İnformator.az-a açıqlamasında Azərbaycanda iş saatlarının dəyişdirilməsi prosesinə heç bir ehtiyac duyulmadığını bildirib. “Düşünürəm ki, bu gün Azərbaycanda iş saatlarının dəyişdirilməsi prosesinə heç bir ehtiyac duyulmur. Çünki qanunvericiliyimizə uyğun olaraq, ölkəmizdə iş vaxtı norması həftəlik 40 saat təşkil edir. Bu müddət Beynəlxalq Əmək Təşkilatının standartlarına tam şəkildə uyğundur”.
Həcər Əmiraslanlı
