AZƏRBAYCANDA “MÜHAFİZƏ ORDERİ”Nİ ƏLDƏ ETMƏK NİYƏ ÇƏTİNDİR?
Məişət zorakılığı ilə bağlı xəbərlərlə hər gün rastlaşırıq. Xüsusən də, qadınların məişət zorakılığına məruz qalması halları ilə rastlaşırıq. Qətl, şiddətə məruz qalma, azyaşlı qızların, qadınların cinsi zorakılıqla üzləşməsi günümüzün aktual mövzularındandır. Bu qan donduran hadisələr artıq insanlar üçün normal gündəm xəbərlərdən birinə çevrilib.
Psixoloqlar deyi ki, məişət zorakılığı cinsi, fiziki, iqtisadi zəmində baş verir. Zorakılıqların əksəriyyəti uşaqlıq travmalarıdır, insanlar ailə zəminində gördüklərini normal hadisə kimi qarşılayır və bunu gələcəkdə digərlərinə də yaşadır. Digər səbəb isə qadınların 50 faizinin təhsilli, ali savadlı olmaması, hüquqlarını tələb edə bilməməsi və ya bu haqda heç bir məlumata sahib olmamalarıdır. Bəs məişət zorakılığına məruz qalmamaq üçün hansı hüquqi addımlar atılmalıdır? Zorakılığa məruz qalmış qadınlar üçün hansı qanun yanaşmaları mövcuddur?
Hüquqşünas İnarə Camalın sözlərinə görə, “Azərbaycan Respublikasının məişət zorakılığının qarşısınının alınması haqqında” Qanunun 1.0-ci maddəsinə görə, məişət zorakılığı yaxın qohumluq münasibətləri və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə bu davranışları törədən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. "Bu maddənin özü də problemlidir. Çünki qanun deyir ki, baş vermiş əməlin məişət zorakılığı hesab olunması üçün qohumluq münasibətləri və ya həmin şəxslə əvvəllər birgə yaşayışı olmalıdır. Buradan qənaətə gəldiyimiz nəticə odur ki, bir qadın partnyoru tərəfindən cinsi, fiziki, iqtisadi, psixoloji zorakılığa məruz qalırsa, qanunun dili ilə bu məişət zorakılığı sayılmayacaq. Ona görə də qanunun bu maddəsini yeni redaksiyada verilməsinə ehtiyac var”. Hüquqşünas məişət zorakılığının artma səbələrini bir neçə yerə ayırır. Birincisi, məişət zorakılığına məruz qalan qadınların hüquq mühafizə orqanlarına müraciət etməyə meyilli olmamasıdır. Niyə görə? Çünki hüquq mühafizə orqanlarına müraciət edən zaman orada münaqişə yaşayan şəxsləri barışdırmağa çalışırlar, məsələni ciddi problem kimi qəbul edə bilmirlər. Azərbaycanda qadınların çoxu şiddət görən zaman rahat şəkildə həyat yoldaşlarını şikayət edə bilmirlər. Bunun üçün qarşısındakı maneələri aşması da çox çətin olur. Ona görə də bu hallarla rastlaşan qadınlar bəzən müraciət etməkdən çəkinirlər. Nəticədə, zorakılıq faktları artsa da, eyni zamanda, hüquq mühafizə orqanlarına olan müraciət də azalır. İkinci səbəb isə, məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaqların məhdud sayda olmasıdır. Təsəvvür edin ki, zorakılıq görmüş qadın evi tərk edərkən gedəcəyi yeri olmur. Bunun əsas səbəbi münaqişə zamanı qadınların ailələrindən dəstək ala bilməməsidir. Üçüncü arqument isə qadınların təhsilsiz, işsiz olmalarıdır. Məişət zorakılığı ilə bağlı həddindən artıq gizlilik mövcuddur.
Hüquqşünasın sözlərinə görə, “mühafizə orderi” deyilən bir anlayış var ki, qadına zorakılıq yaşatmış şəxsdən qorumağa çalışır. Azərbaycanda isə mühafizə orderini əldə etmək çox çətin prosesə çevrilib. “Hüquq-mühafizə orqanlarında işlərin düzgün araşdırılmaması, qeyri-ciddi yanaşılması, barışıq mövqeyinin tutulması, qadınların təhsil səviyyəsinin aşağı olması məişət zorakılıqlarının davam etməsinə şərait yaradır”.
Fatimə Mustafayeva
