Sosial şəbəkələrin “arıqlama” tələsi – iştahkəsici maddələr ağır fəsadlar verir
Müasir dövrün ən böyük trendlərindən biri olan sürətli arıqlama metodları bir çox hallarda insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Xüsusilə sosial şəbəkələrdə geniş təbliğ olunan "arıqlama çayları" və "möcüzəvi vasitələr" vəd etdiyi nəticələrlə yanaşı, orqanizmdə bərpası mümkün olmayan fəsadlara yol aça bilir.
Mövzu ilə bağlı həkim-dietoloq, anti-age üzrə mütəxəssis Leyla Zülfüqarlı "İnformator.az"a açıqlamasında bildirib ki, bu cür məhsullar əslində bir marketinq hiyləsidir:
"Bir çayla arıqlamaq mümkün deyil. Əgər insan artıq çəkilidirsə, bu, piylənmə xəstəliyidir və xəstəliyin hormonal, metabolik səbəbləri olur. Biz tibbi olaraq kimyəvi prosesləri tənzimləyərək, hormonal statusu düzəldərək pasiyenti arıqladırıq. Amma, çay bunu edə bilməz. Bu vasitələrin tərkibindəki "sibutramin" kimi maddələr iştahı süni şəkildə kəsir. İnsan yemədikcə bədən suyu və ən əsası əzələ kütləsini itirir. Xüsusilə 40 yaşdan yuxarı şəxslərdə əzələ itkisi onsuz da təbii proses kimi başlayır, bu çaylar isə həmin prosesi sürətləndirərək sağlamlığı riskə atır".
Mütəxəssis qeyd edib ki, son zamanlar populyarlaşan bəzi farmakoloji preparatlar və "arıqlama iynələri" də bənzər prinsip mərkəzinə söykənir:
"Sosial şəbəkələrdə" bir aya 10 kiloqram" kimi vədlər verilir. Hətta peşəkar industriyanın təqdim etdiyi GLP-1 reseptor aqonistləri belə iştahı kəsmək hesabına arıqladır. Nəticədə, insan az yeyir və həm yağ, həm də əzələ kütləsi parçalanır. Çaylarda isə bu proses daha təhlükəlidir, çünki orada daha çox əzələ toxuması itirilir".
Leyla Zülfüqarlının sözlərinə görə, sağlam arıqlamaq üçün "möcüzəvi" çaylar deyil, ratsional qidalanma və elmi yanaşma şərtdir:
"Ən doğrusu köklüyün səbəbini tapıb müalicə etməkdir. Bura qidalanmanın tənzimlənməsi, fiziki aktivlik, yuxu ritmi və bədəndəki defisitlərin bərpası daxildir. Mən bir mütəxəssis olaraq bu industriyadakı səhvləri görüb, doğru formulu (Detox LZ, Diet LZ xətti) hazırladım. Bu çayların üzərində "arıqladıcı" sözü yazılmayıb, çünki onlar müalicəvi xarakter daşıyır. Onlar iştahı kəsmir, sadəcə bədənin metabolizmasını sürətləndirir. İnsan normal qidalanır, amma maddələr mübadiləsi sürətləndiyi üçün təbii şəkildə çəki itirir".
Sağlam şəkildə formaya düşmək istəyən şəxslər reklam yalanlarına deyil, peşəkar həkim nəzarətinə və metabolizmanın təbii yollarla bərpasına üstünlük verməlidirlər. Unutmaq olmaz ki, sürətli itirilən hər kiloqramın arxasında ciddi sağlamlıq itkiləri dayanır.
Lalə Əhməd