Azərbaycanda qadınlar niyə icra hakimi, nazir ola bilmirlər?
“Cəmiyyətdə, ən azından Azərbaycan cəmiyyətində qadınların rolu olduqca fərqlidir. Qadınların rol fərqliliyi eyni zamanda, ailədə də müşahidə olunur”.
Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib. Ekspertin sözlərinə görə, keçmişdə kişilər çöldə, qadınlar isə evdə işləyirdi.
“Qadınların bir analıq vəzifəsi var idi. Ümumi qəbul edilən məsələdir ki, qadın evdə qalıb uşağa baxmalıdır. Qadınların karyera imkanları təbii ki, bunun təsiri altında çox kiçilir. Bəzən qadınlar illərlə uşaqlara baxırlar və özlərini inkişaf etdirə bilmirlər. Yaxud elə olur ki, xanımlarımız tez ailə qururlar və oxumurlar, təhsillərində çətinlik yaranır”.
Xalid Kərimlinin sözlərinə görə, qadınlar bəzən öz dünyalarına uyğun olaraq iş vaxtı istəyirlər, nəinki ağır işlərdə işləmək.
"Çalışırlar ki, iş riskli, ağır, uzunmüddətli olmasın. Bir az da özlərinə qarşı hörmətləri daha çoxdur. Öz istirahət vaxtlarına daha çox zaman ayırmağa çalışırlar. Kişilər bəlkə də həyatı daha yaxşı başa düşürlər. Yəni bu tip sosial məsələlər qadınların vəzifə pillələrində kişilər kimi irəliləməsinə mane olur".
İqtisadçı eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Qanunvericiliyində qadınla kişinin hər hansı diskriminiasiyası yoxdur.
"Hətta bir çox sosial qanunvericiliklərdə qadınlara kişilərlə müqayisədə əlavə güzəştlər də var. Bu baxımdan qanunvericilikdə qadınlara qarşı heç bir məsələ yoxdur”.
X.Kərimli əlavə edir ki, qadınlar ancaq deyir ki, risklər olmasın, amma yaxşını bərabər bölüşdürək.
"Gəlib rəhbər vəzifəyə çıxmaq üçün müəyyən əziyyətli pillələri ardıcıl və sistemli keçmək lazımdır ki, sonra gəlib zirvədə olasan. Onun üçün də bir çox ağır məsələlər var. Eyni zamanda Azərbaycanda ölkənin vitse-prezidenti qadındır”.
Aynur Babayeva
