Azərbaycanda taxılın qiyməti artacaq?
Rusiyanın taxıl sazişindən çıxması əmtəə bazarlarında taxılın dəyərinin yüksəlməsinə səbəb ola bilər.
İnformator.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer-Olivier Qurinşas deyib. Maraqlıdır, taxılın bahalaşmasının dünya iqtisadiyyatına təsirləri hansı formada olacaq?
Rusiya taxıl sazişindən çıxdıqdan sonra Ukraynanın ən böyük Dunay limanlarından birinə hücum etdi. Nəticədə buğda və qarğıdalı qiymətləri bahalaşdı. Moskvanın bu addımı dünyanın ən böyük taxıl və bitki yağı tədarükçülərindən Ukraynadan gələn əsas ticarət yolunu təhlükə altına qoydu. Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer-Olivier Qurinşasin sözlərinə görə, vəziyyət belə davam edərsə, taxılın qiyməti əhəmiyyətli dərəcədə arta bilər.
Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer-Oliver Qurinşas deyir ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, taxılın qiyməti 10-15% arta bilər. Qara dəniz taxıl təşəbbüsü son bir ildə dünyaya bol taxıl tədarükünün təmin edilməsində çox mühüm rol oynadı. Lakin hazırda eyni mexanizmlər tərsinə işləyir və bu, ərzaq qiymətlərinə yuxarı təzyiq göstərə bilər.
Ekspertlərin fikrincə, taxıl bahalaşa belə, anbarlarda kifayət qədər məhsul olması səbəbindən xammalın dəyərindəki volatillik təsirə malik olmayacaq. “Taxıl qiymətlərində son 12 ayda ucuzlaşmanın dayanacağını və müəyyən artımlar olacağını müşahidə edəciyik. Lakin bu, ötən ilki kimi vahiməli olmuyacaq. Rusiya və ABŞ-da məhsul yığımının bol olması, üstəgəl Rusiyanın buğda ixracında rüsumunu aşağı salması onu deməyə imkan verir ki, hazırda baş verəcək proseslər 2021-2022-ci ildəki kimi qiymət sıçrayışına gətirib çıxartmayacaq” deyən iqtisadçı Xalid Kərimli neqativ təsirin taxıl qiymətlərində enişin dayanacağı olduğunu bildirib. Digər tərəfdən ekspertlər düşünürlər ki, dünya bazarında taxılın qiymətinin artması bu məhsulun idxalından asılı olan Azərbaycana təsir göstərməyəcək:
“Azərbaycan Rusiya ilə həmsərhəd ölkə olduğuna görə və əlaqələrinin çox sıx olması, Azərbaycanın taxıl ticarətinə o qədər də təsir göstərməyəcək. Həm də Azərbaycanın iki əsas təchizatçısı var. Bunlar Qazaxıstan və Rusiyadır. Müvafiq ticarətdə Azərbaycan dünya qiymətləri, birja qiymətləri üzərindən hərəkət etmir və birbaşa müqavilələrlə taxıl əldə edir”.
Avropa İttifaqından verilən açıqlamaya görə, Ukraynanın kənd təsərrüfatı məhsullarını "həmrəylik xətləri" - yəni həmsərhəd olduğu ittifaq üzvü dövlətlər vasitəsilə dəmir yolu və avtomobil nəqliyyatı ilə ixrac etməyə hazırdır. Bundan əlavə Rusiya taxil sazişindən çıxsa belə, Moskva Türkiyənin təşkilatçılığı ilə məsələyə yenidən baxıla biləcəyini bildirib. Yeni növ müqavilələrin nə zaman bağlanacağı və ya hadisələrin hansı formada inkişaf edəcəyini zaman göstərəcək.
Cavid
