Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular müəyyənləşib
"Komandamızın tam heyətdə iştirak etməyi, məşqçilər korpusunun, federasiya rəhbərliyinin Azərbaycan respublikamızın və klub məşqçilərinin əməyi sayəsində başa gələn bir şeydir. Ölkə çempionatı keçirilir və yaxud da seçmə təlim məşq toplanışları keçirilir və həmin təlim məşq toplanışlarında idmançıların içindən ən yaxşıları seçilir. Müəyyən turnirlərdə sınanır və ondan sonra komandanın heyəti tərkibi təyin olunur. Yeni təyin olunmuş Rövşən Qocayevin idmançıların hazırlanmasındaki bu prinsipi təqdirə layiqdir".
Bu sözləri Azərbaycan Respublikasının əməkdar məşqçisi, Azərbaycan Boks Federasiyası hakimlər və məşqçilər komitəsinin aparıcı mütəxəssisi İsmayılov Rafiq "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Özbəkistan boksunun inkişafında olan amillərdən biri indi inşallah Azərbaycan boksunda da tətbiq olunacaq:
"Yəni məşqçilər korpusunda verilən bütün tapşırıqların hamısını öz qaydasında yerinə yetirirlər. Təlim-məşq, toplanışı, fiziki hazırlıq toplanışı, birgə təlim məşq toplanışı, orada hamısı seçilir və idmançıların bu yarışlara hazırlanmasında böyük rol oynayır. Yəni komandanın tərkibi düzgün seçilib. Azərbaycan güclü komanda ilə gedir, ümid edirəm hər şey yaxşı olacaq.
Medal söhbətində isə mən sizə onu deyim ki, Dünya Çempionatı "World Boxing"in təşkilatçılığı ilə keçirilir. Yəni yeni çəki dərəcələrində bilirsiniz ki, 5-5 qalxır. Azərbaycan yığma komandasının tərkibində, yəni heyətdə olan uşaqların, boksçuların hər birindən medal göstərməyi gözləmək olar. Təcrübəli boksçulardan Məhəmmədəli Abdullayev, Alfonso Dominqes, Sərxan Əliyev, Nicat Hüseynovdur. Boksçularımız inanırıq ki, medala layiqlər sırasında olacaqlar. Çünki medal qazanmaq imkanları böyükdür. Digər boksçulara gəlincə, boks idman növü belədir ki, sürprizlərlə doludur, bəzən məğlubiyyət qaçılmazdır".
Ancaq müsahibimizin sözlərinə görə, keçirilmiş təlim məşq toplanışından sonra komandamızın heyətindəki uşaqların hər birindən medal gözləmək olar:
"Komandanın hazırlıq prosesi, yeni psixoloji durumu mənə elə gəlir ki, pis deyil. Çünki yenə deyirəm, yeni təklifdə Rövşən Qocayevin rəhbərliyi altında hazırlaşan komandamız Nəriman Abdullayev, Etibar Abdullayev məşqçilər korpusunda birgə yer alırlar. Bunların hazırlıq prosesində gördükləri işi qənaətbəxş idi. Rəhbərliyin idmançılara olan qayğısı, federasiyanın qayğısı və hazırlıq prosesində heç nə əsigəməmələri, təlim-məşq, toplanışlarına, yarışlara getmələri hazırlıq prosesinin yüksək səviyyədə olduğunu göstərir. Buna görə də, psixoloji durum mənə elə gəlir ki, pis deyil. Düzdür, orada təcrübəsi az olan boksçular da var. Onların ola bilər ki, psixoloji hazırlıqları məsələn, o səviyyədə deyil. Ancaq İnşallah ki, mənə elə gəlir nəticə yaxşı olacaq. Medal mütləq olmalıdır. Yaxşı olar ki, komplekt olsun; Qızıl, gümüş və bürünc medal olsa, ölkəmiz üçün böyük uğur və qürur mənbəyi olar".
Zəhra Möhübbətova
