Azərbaycanın maliyyə təhlükəsizliyi yastığı 1.8 dəfə artıb
Ölkəmizin maliyyə təhlükəsizliyi yastığı, strateji valyuta ehtiyatları 2018-ci illə müqayisədə 2025-ci ilin 1 oktyabr tarixinə olan göstəricilərə görə, 1.8 dəfə artıb
Mövzu ilə bağlı olaraq iqtisadçı ekspert Elçin Rəşidov “İnformator.az” a açıqlamasında bildirib ki , Azərbaycanın strateji valyuta ehtiyatları artıb:
“Azərbaycanın strateji valyuta ehtiyatları artıb. Bu, keçən il və ondan əvvəlki dövrdə Neft Fondunun çoxlu qızıl alması səbəbindəndir və sonradan qızılın qiymətinin artması nəticəsində Neft Fondunun dəyəri yüksəlib. Yəni əsas artımın, böyümənin səbəbi budur. Belə bir artımın səbəbi də Neft Fonduna daxil olan müxtəlif səhmlərin, əmtəələrin bazardakı qiymətinin dəyişməsidir. Bazar qiyməti dəyişdikcə, təbii ki, fondun dəyəri də dəyişir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, dollar da dəyərdən düşüb və Neft Fondunun dəyəri də dollarla hesablanır. Bu amilin də artımda rolu var. Yəni inflyasiyanı da nəzərə almaq lazımdır. İnflyasiyanı nəzərə alanda fondun real dəyəri əslində azalır. Bunları çıxanda əvvəllər fondun artımı mənfi olurdu ,yəni fonda pul daxil olurdu.
Amma indi Neft Fondu, Mərkəzi Bankın strateji valyuta ehtiyatları və s. birlikdə ümumi maliyyə arxitekturasını təşkil edir və bu, əhəmiyyətli dərəcədə böyüyüb. Bu da qeyd etdiyim səbəblərdəndir.Təbii ki, ölkə büdcəsinin böyük hissəsi Neft Fondundan edilən transferlər hesabınadır. Və bu transferlər,xüsusilə də neft hasilatı azaldığı dövrdə iri həcmdə edilirsə, bu onu göstərir ki, müəyyən müddətdən sonra ölkənin strateji valyuta ehtiyatları tükənə bilər. Neftdən asılı büdcə və iqtisadiyyat da çıxılmaz vəziyyətə düşə bilər. Bu ehtiyatların artması sadəcə bu təhlükəni bir qədər ertələyir, aradan qaldırmır. Yəni hələ də bizi gələcəkdə eyni təhlükə gözləyir. Sadəcə bu vəziyyət bir qədər təxirə salınır.
Bu təhlükəni tamamilə aradan qaldırmaq isə qeyri-neft sektorunun inkişafı ilə mümkündür. Amma bu baş vermir. Ona görə də indiki ssenaridə bizi yenə də həmin gün gözləyir. Əsas təhlükə budur ,vəziyyət yalnız ertələnir, aradan qalxmır. Bu da yalnız qeyri-neft sektorunun inkişafı ilə mümkündür. Bu isə düzgün iqtisadi islahatların planlaşdırılması və icrasını tələb edir.
Qısa və orta müddətli dövr üçün isə bu ehtiyatların olması ölkəni, xüsusilə də maliyyə risklərinə qarşı qoruyur.Əlbəttə, illərdir bu transferlərin olması təkcə iqtisadiyyatı deyil, büdcəni də qoruyur. Sonra Azərbaycanın dövlət borcu var. Biz onu ödəməliyik. Təbii ki, bunu qarşılayan büdcədir. Digər tərəfdən, əgər dövlət borcu bizim passivlərimizdədirsə, bu aktivlərdədir və hazırda aktivlər passivlərdən böyükdür ,bu da yaxşı haldır.Bunun mövcud olması, yəni dövlətin defolt təhlükəsindən orta müddətli dövrdə qorunmasını təmin edir, eyni zamanda milli valyutaya olan etimadı da qoruyur.Bizim əsas ixracımız enerji, xüsusilə də neft sektorudur və enerji qiymətlərində dalğalanmalar müşahidə olunur. Təbii ki, bu cür dalğalanmalar fonunda Neft Fondu maliyyə yastığı funksiyası daşıyaraq bizi həmin təsirlərdən müəyyən qədər qoruyur. Neft Fondu ,yəni bu maliyyə yastığı ,məhz bu məqsədlə formalaşdırılıb.
Hazırda kapital axınları ölkədən çıxır və təəssüf ki, iqtisadiyyatımızın qazandığı vəsaitin böyük hissəsi xaricə yönəlir. Bu, iqtisadiyyat üçün sağlam hal deyil ,biz qazanırıq, amma başqaları bu vəsaiti ölkədən çıxarır. Lakin Neft Fondunun mövcudluğu və maliyyə yastığı rolu bu baxımdan da müəyyən qoruma təmin edir.
Eyni zamanda Mərkəzi Bank bu maliyyə yastığı vasitəsilə valyuta bazarına intervensiya edə və manatı stabil saxlamaq üçün müxtəlif alətlərdən istifadə edə bilir. Bu, bütün dünyada belədir ,ölkələr müəyyən həcmdə maliyyə ehtiyatları saxlayaraq valyutalarını və maliyyə sabitliyini qorumağa çalışırlar”.
Eyni zamanda ekspert bildirib ki,valyuta ehtiyatlarının sürətlə artması gələcəkdə investisiyaların artmasına təsir edir:
“Valyuta ehtiyatlarının sürətli artması gələcəkdə investisiya imkanları üçün xarici şərait yaradır. Yəni, Neft Fondundan büdcəyə transferlər olur və bu transferlərin əsas məqsədi dövlətin investisiya xərcləridir. Büdcənin digər gəlir mənbələri, məsələn, vergi gəlirləri, cari xərcləri ödəməyə yetmir. Əvvəlcə cari xərclər ödənməlidir ki, sonra artıq vəsait investisiyalara yönəlsin. Cari xərcləri büdcə özü qarşılamır, buna görə Neft Fondundan transferlər kömək edir. Transferlərin qalan hissəsi isə büdcənin investisiya hissəsini maliyyələşdirmək üçün istifadə olunur. Göründüyü kimi, investisiyalar əsasən bu transferlərdən maliyyələşir. Eyni zamanda bu investisiyalar, həm özəl sektora, həm də investisiyalara yönələrək xarici sektorun inkişafını təmin edir.Üstəlik, xarici sektorun iştirakçılarını da təminat altına alır, inkişaf dediyim məhz budur ,onlar maliyyə təhlükəsizliyi olduğu üçün investisiyalarını rahatlıqla qoya bilirlər. Təbii ki, Azərbaycanda investisiyalar özəl sektor tərəfindən çox az yatırılır, həm xarici, həm də yerli şirkətlər tərəfindən. Bu, əsasən hüququn yaxşı qorunmaması, məhkəmə sistemində ədalətin təmin olunmaması və mülkiyyətin qorunmaması kimi səbəblərdən qaynaqlanır. Amma maliyyə baxımından bu, müsbət təsir göstərir. Maliyyə təhlükəsizliyi yastığının böyüməsi inflyasiya və makroiqtisadi sabitlik üçün çox önəmlidir. Bu yastıq daha çox fiziki bir alət kimidir və büdcənin maliyyələşməsində istifadə olunur. Məsələn, manatın məzənnəsinin idarə edilməsinə imkan verir. Hazırda Azərbaycanda dolların məzənnəsi sabit saxlanılır və bu, məhz maliyyə təhlükəsizliyi yastığının mövcudluğu sayəsindədir.
Bu, həm yaxşı, həm də pis tərəfləri olan bir haldır. Mən hesab edirəm ki, bu vəziyyət ölkədə qeyri-neft sektorunun inkişafına mane olur. Ancaq ən azından məzənnənin idarə olunması mümkündür. İnflyasiyaya qarşı qorunmaqda isə bu yastıq tam effektiv deyil, çünki Azərbaycanda inflyasiyanın çox hissəsi idxal olunan malların qiymət artımı ilə bağlıdır. Bu idxal inflyasiyası maliyyə təhlükəsizliyi yastığı ilə tam qarşılanmır.
Manatın real effektiv məzənnəsi azalıb və bu da inflyasiyaya təsir edir. Dövlət borcu risklərinin qarşısını almaqda isə bu yastıq yetərli deyil, çünki dövlətin borclanma ehtiyacı yüksək deyil. Mövcud borclar istənilən vaxt bağlana bilər və risklər azaltıla bilər.Bu fondun pulundan, yəni maliyyə dəstəklərindən çox istifadə edilərsə, pul təklifi və ciddi tələb inflyasiyası yarana bilər. Bu isə makroiqtisadi tarazlığı poza bilər. Hazırkı tarazlığı qorumaq üçün ondan müəyyən miqdarda və düzgün istifadə edilməsi önəmlidir”.
Arzu Poladova
