Regionda enerji əməkdaşlığı yeni mərhələyə keçir
Son dövrlər Azərbaycan və tərəfdaş ölkələr arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi diqqət çəkir. Xüsusilə neft və qaz ixracı, alternativ enerji layihələri və yeni bazarlara çıxış istiqamətində aparılan müzakirələr regionun iqtisadi və siyasi əhəmiyyətini artırır.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az” a açıqlamasında bildirib ki, enerji əməkdaşlığı Azərbaycanın iqtisadi və siyasi gücünü artırır, alternativ enerji isə gələcək üçün vacibdir:
“Regionda enerji əməkdaşlığının yeni mərhələyə keçid etməsi həm bu sektorda diversifikasiya, həmçinin də ölkə iqtisadiyyatında yeni bazarlara yönəlmə, xarici valyuta ehtiyatlarımızın artması baxımından iqtisadi əhəmiyyət kəsb edir. Məlumdur ki, qlobal iqtisadiyyatda inflyasiya, həmçinin ölkələrarası siyasi gərginliklər və s. hallar ölkələrin daxili bazarına da yansıyır. Xüsusilə də idxaldan asılı olan ölkələr üçün bu vəziyyət birbaşa qiymət artımına və devalvasiya riskinə şərait yaradır. Belə bir iqtisadi risk vəziyyətində hasilatın artırılması, həmçinin yeni əməkdaşlıqlara keçid bir növ önləyici tədbirlərdən hesab olunur. Bununla yanaşı, hər ilin dövlət büdcəsinin xərcləri bir əvvəlki illə müqayisədə artır. Artan xərclər qarşısında gəlirlərin artmaması büdcə defisitini artıra bilər. Ona görə də yeni əməkdaşlıq olduqca uğurlu hesab olunur, həmçinin iqtisadi maraqların qorunması baxımından da düzgün iqtisadi siyasət sayılır. Regionda enerji əməkdaşlığının siyasi münasibətlərə təsirinə qaldıqda isə, iqtisadi mövqenin güclənməsi hər zaman söz sahibi olma avantajlarını da yüksəldir. Bu gün Azərbaycanın iqtisadi və paralel olaraq siyasi mövqeyi zəif olsaydı, ölkə iqtisadiyyatının taleyi acınacaqlı olardı. Azərbaycan ilk növbədə regionda söz sahibidir, iqtisadiyyatı güclüdür, enerji sektorunda Avropanın etibarlı ticari tərəfdaşıdır. Eyni zamanda bir sıra beynəlxalq əhəmiyyətli layihələrə ev sahibliyi edir. Ən əsası isə təhlükəsizlik və xarici investorların maraqlarının təmin edilməsi baxımından tam etibarlı ticari tərəfdaş hesab olunur. Məsələn, elə ölkələr var ki, onların iqtisadiyyatı Azərbaycan iqtisadiyyatından dəfələrlə böyük, dövlət büdcəsinin gəlirləri isə daha yüksəkdir. Lakin həmin ölkələrdə siyasi sabitlik yoxdur. Bu səbəbdən investisiya yatıran rezidentlər qısa müddət ərzində ölkəni tərk edir, yerli vətəndaşların sosial-iqtisadi maraqları isə tam şəkildə təmin oluna bilmir. Alternativ enerji layihələrinin gələcəkdə Azərbaycan enerji strategiyasındakı roluna qaldıqda isə, məlumdur ki, təbii ehtiyatlar tükənəndir. Alternativ enerji layihələrinin icrası artıq təkcə regionda deyil, bir sıra ölkələrdə də təkmilləşib. Yəni gələcəkdə neftə olan tələbatın azalması ehtimalı var. Ona görə də alternativ enerji mənbələrinə yönəlmək mövcud şəraitdə iqtisadi baxımdan olduqca əhəmiyyətli hesab olunur”.
Arzu Poladova