00:00:00
Yazar
Admin User
19.01.2026 20:13 141 5 dəq oxuma
Siyasət

"Azərbaycanın Qanlı, Amma Şərəfli Tarixi"

"Azərbaycanın Qanlı, Amma Şərəfli Tarixi"

Qaranlıq bir gecə idi. Tankların palçıqlı izləri Bakının küçələrində yalnız asfaltı deyil, bir xalqın ümidlərini də əzirdi. 1990-cı il yanvarın 20-si Azərbaycan üçün sadəcə təqvimdə bir tarix olmadı - o gecə güllələr insanları deyil, azadlıq istəyini hədəfə aldı. Günahsız insanların qanı ilə yazılan bu səhər sovet imperiyasının zorakılıqla susdurmaq istədiyi bir millətin oyanışına çevrildi. Küçələrdə səssizlik yox, haray vardı, qorxu yox, qürur vardı. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla həkk olunmuş milli ağrı və eyni zamanda müqavimət salnaməsidir.

 

Biz də "İnformator.az" xəbər saytı olaraq bu günün tarix yolunu yad etməyə, baş verənləri yaşayanların dilindən eşidərək bu reportajı ərsəyə gətirdik.

 

Qanlı yanvar gecəsinin şahidi olan əməkdar jurnalist, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, Filologiya üzrə Elmlər doktoru, professor Qərənfil Dünyaminqızı "İnformator.az"a açıqlamasında 20 Yanvar faciəsinin xalqa gətirdiyi bəlalardan, mətbuatın susdurulmasından, xalqın tank və güllələrə tuş gəlməsindən bəhs edib:

 

"Cəlil Məmmədquluzadə söyləyirdi ki, rus əsgərinin ayağı dəyən yerdə iki yüz il ot bitməz. Məhz dahi ədibin bu kəlməsi özündə 20 Yanvar faciəsinin ağır-əzablı xüsusiyyətlərini xarakterizə edir. Beləliklə, Sovet ordusu 70 il ərzində həyata keçirdikləri faciələrin ən dəhşətlisini məhz 1990-cı il yanvar ayında reallaşdırdılar. Səbəb isə xalqı müstəqillik uğurunda mübarizədən döndərmək və işğal siyasətlərinin ömrünü uzatmaqdan ibarət idi. Bununla da Sovet ordusu XI Qızıl ordunun əsgərlərini ölkəmizə yeritməklə Qanlı yanvar faciəsi baş verdi. Əsas məqsədləri isə təbii sərvətlərimizə sahib olmaq, milli-mənəvi dəyərlərimizi məhv etmək idi. Lakin artıq xalq oyanmışdı, əlisilahlı rus əsgərlərinin müqaviməti oyanmış xalqı susdura bilmədi".

 

Müsahibimiz 20 Yanvar faciəsi zamanı və ondan sonra jurnalist kimi olan fəaliyyətindən, mətbuatın çətin dövründən də söz açıb:

 

"20 Yanvar faciəsi zamanı "Ədalət" qəzetində işləyirdim. Həmin gün bütün mətbuat susdurulmuşdu, ölkədə fövqəladə vəziyyət, komendant saatı elan edildi. Həmin vaxt komendant Valentin Dubinyak idi. Xatırlayıram, o hətta bir dəfə jurnalistlərlə rekonferensiya da keçirdi və oradakı çıxışından belə məlum oldu ki, yanan da biz, yaman da biz olduq - bütün günahlar bizim xalqımızda oldu. Bu qırğına tam başqa bir don geyindirmək üçün ölkəmizdə KİV (Kütləvi İnformasiya Vasitələrini) susdurdular. Bir də yanvar ayının 28-dən etibarən, ölkədə yenidən KİV - düzdür, bütün qəzet və jurnallar yox, nisbətən televiziya və dövlət qəzetləri fəaliyyətə başladı. Bunlardan da biri "Kommunist" qəzeti idi, lakin onlar da düzgün informasiya verə bilmirdilər, çünki senzura mətbuata çox güclü nəzarət edirdi. Amma, təəssüf ki, 20 Yanvar faciəsi baş verəndən sonra rus əsgərləri bölgələrimizdə də dinc əhaliyə qarşı silah qaldırdılar, yaralılar, hətta ölənlər də oldu. Məsələn bura Lənkaranı nümunə göstərə bilərik. Mən o zaman "Ədalət" qəzetinin müxbiri kimi Lənkarana ezam olundum və orada baş verən hadisələr haqqında qəzetimizdə məqalələr yazdım".

 

Qərənfil xanım Türk qardaşlarımızın həmin günlərdə xalqımıza olan köməyindən də danışıb:

 

"Təbii ki, bu vaxt 20 Yanvar faciəsini bütün dünyaya bəyan etməkdə bizə türk qardaşlarımız kömək etdi. Türk mediasının dəstəyi ilə biz bütün dünyaya haqq səsimizi eşitdirə bildik. Çünki bizdə bütün KİV-lər susdurulmuş, Moskva KİV-ləri isə çox yanlış informasiyalar verirdi. Bu da bizim haqqlı olduğumuz halda, haqqsız vəziyyətə düşməyimizə səbəb olurdu. Bu proses bizim milli müstəqilliyimizi boğmaq, onu məhv etmək, yenidən işğal halına salmaq məğzini özündə ehtiva edirdi. Moskva bu gün də eyni prosesi həyata keçirməyə çalışır. 44 Günlük Vətən savaşımızda bunu bir daha açıq-aşkar bəyan etdilər. Bundan əlavə, qazandığımız qələbələri belə dünyaya yanlış istiqamətdə yönləndirməyə çalışırdılar. Səbəb isə xalq və ordu arasında bir uçurum yaratmaq idi. Lakin xoşbəxtlikdən buna nail ola bilmədilər, çünki xalq və ordu birliyi çox güclü idi. Xalq hər zaman ordunun yanında idi. Bizim bu 44 Günlük zəfərimizi həzm edə bilməyən şimal qonşumuz hər dəfə KİV-nin köməyi ilə təxribatlar törətməyə davam edirdilər".

 

Son olaraq müsahibimiz 20 Yanvar faciəsi zamanı Azərbaycan mətbuatının gördüyü qürurverici işlərdən də faktlar söyləyib:

 

"Təbii ki, 20 Yanvar hadisələri zamanı ordunun şəhərə yeridilməsində Mərkəzi Komitənin rəhbərliyinin xəbəri var idi, amma "Kommunist" partiyasının mərkəzə olan sədaqətindənmi, sevgisidənmi irəli gələn bir hiss onları xalqa yaxınlaşdıra bilmirdi. Ona görə də, Mərkəzi Komitə və xalq arasında bir uçurum yarandı. Bu da insanları bir-birindən ayrı salan, göz yaşlarına boğan faciəyə səbəb oldu. Biz də dövlət və millət olaraq bir də belə hadisələrin baş verməsi üçün ayıq-sayıq olmalı, düşmən və dostumuzu yaxşı tanımalıyıq. Bir faktı da qeyd etmək lazımdır ki, 20 Yanvar faciəsinin bütün dünyaya çatdırılmasıda Məzahir Süleymanzadənin redaktoru olduğu - "Səhər" qəzeti də mühüm rol oynadı. Hətta bu qəzetin yüksək tirajla çıxması Bakı Komendantının böyük qəzəbinə səbəb olmuşdu".

 

Həmin hadisələrdən sarsılan 70 yaşlı Həsən dayı da saytımıza öz fikirlərini bölüşüb:

 

"Yanvarın 19-dan 20-nə keçən gecə idi. Televiziya susmuşdu, sonradan bildik ki, AzTV-nin enerji bloku partladılıb. Heç kim bilmirdi ki, şəhərə ordu girib. Komendant saatını elan etməmişdilər. Birdən Qala tərəfdən tankların səsi gəldi. Küçəyə çıxanda artıq gec idi. İnsanlar yaralılara kömək edirdi, amma təcili yardım maşınlarını da güllə yağışına tuturdular. Öz gözlərimlə gördüm - bir “UAZ”ın şüşələri param-parça oldu. Əlimdə yaralı bir gənci daşıyırdım, birdən onun bədəni boşald, nəfəsi kəsildi. Adını soruşmağa vaxt tapmadım. Səhər açılanda şəhər tanınmaz halda idi. Rəsmi rəqəmlər sonra deyildi - 137 nəfər öldürüldü dedilər. Amma mənim üçün o rəqəmlər üz idi, səs idi, qan idi. 20 Yanvar azadlığın qiymətini bizə güllə ilə anlatdı".

 

20 Yanvar faciəsi zamanı həyat yoldaşını şəhid verən Sevinc xanım da göz yaşlarına hakim ola bilməyib, saytımıza həmin acılı xatirələri dilə gətirib:

 

"O gecə evdə iki uşağımla idim. Pəncərədən baxanda tankların işıqları divarları kəsib-keçirdi. Küçədən qışqırıq səsləri gəlirdi, amma kiminsə köməyə çatdığını görmürdüm. Qapını döyəndə elə bildim qonşudur, açanda isə üst-başı qan içində bir gənc gördüm. "‘Bacı, yaralıdır’" dedi arxadan kimsə. Evim xəstəxanaya çevrildi. Dəsmalı cırıb qanı saxlamağa çalışdım, əllərim əsirdi. Bir azdan güllə səsi lap yaxından gəldi, uşaqlarım qorxudan ağlayırdı. Səhərə yaxın bildik ki, komendant saatı elan olunub, amma artıq gec idi. Həyat yoldaşım səhər evdən çıxıb qayıtmadı. Sonra adını siyahılarda gördüm. 20 Yanvar mənim üçün qara lent deyil, hər il yenidən açılan yaradır",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Söz bizə gəldikdə isə 20 Yanvar faciəsi təkcə keçmişin acı xatirəsi deyil, bu günümüzü və gələcəyimizi formalaşdıran tarixi həqiqətdir. Həmin gecə həyatını itirən günahsız insanlar Azərbaycanın müstəqillik yolunda şəhidlik zirvəsinə ucaldı. Bu faciənin unudulmaması, təhrif olunmaması və gələcək nəsillərə doğru şəkildə çatdırılması hər birimizin mənəvi borcudur. "İnformator.az" olaraq biz 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, xalqımızın azadlıq iradəsinin heç vaxt sarsılmadığını bir daha xatırladırıq. Tarix susmur - onu yaşadan da, qoruyan da xalqın yaddaşıdır.

 

Mayıl Soltan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər