Azərbaycanın qazlaşma səviyyəsi 96%-ə çatıb
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qazlaşma səviyyəsinin artıq 96%-ə çatdığını bildirib. Bu açıqlama “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunan müşavirədə səsləndirilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Şaban Nəsirov bildirib ki, Azərbaycan üzrə qazlaşma səviyyəsinin 96 faizə çatması enerji siyasətinin mühüm uğurlarından biri hesab olunur:
"Lakin qazla təmin olunmayan qalan 4 faizlik ərazilər əsasən coğrafi, demoqrafik və iqtisadi baxımdan mürəkkəb xüsusiyyətlərə malik yaşayış məntəqələrini əhatə etdiyindən bu mərhələdə qazlaşma prosesi daha yüksək texniki və maliyyə resursları tələb edir. Texniki baxımdan əsas çətinliklər ilk növbədə relyef amili ilə bağlıdır. Dağlıq və çətin keçilən ərazilərdə magistral və paylayıcı qaz xətlərinin çəkilməsi torpaq sürüşməsi, seysmik aktivlik və iqlim şəraiti səbəbindən əlavə mühəndis tədbirləri tələb edir. Uzun məsafəli qaz xətlərində təzyiq itkisi, kompressor və tənzimləyici qurğuların quraşdırılması zərurəti istismar risklərini və xərcləri artırır. Eyni zamanda, azsaylı əhali məskunlaşması olan kəndlərdə qazpaylayıcı şəbəkənin dayanıqlı işləməsi texniki baxımdan səmərəli olmur.
İqtisadi çətinliklərin əsasını isə “xərc–fayda” balansının pozulması təşkil edir. Qaz kəmərlərinin çəkilməsi, avadanlıqların quraşdırılması və sonrakı texniki xidmət xərcləri bu ərazilərdə yaşayan əhalinin sayına və qaz istehlak həcminə nisbətdə yüksəkdir. Nəticədə investisiyanın geri dönüş müddəti uzanır və bu cür layihələr kommersiya baxımından cəlbedici olmur. Dövlət subsidiyaları olmadan tam qazlaşdırma bir çox hallarda iqtisadi əsaslandırmaya uyğun gəlmir. Mövcud çətinliklərin aradan qaldırılmasında alternativ enerji və hibrid infrastruktur modellərinin tətbiqi daha məqsədəuyğun hesab edilə bilər. Xüsusilə günəş enerjisi Azərbaycanın bir çox regionları üçün real və səmərəli alternativdir. Qazlaşdırılması çətin olan kənd və qəsəbələrdə fərdi və ya icma əsaslı günəş elektrik sistemlərinin qurulması elektrik və isti su tələbatının əsas hissəsini qarşılaya bilər. Bu yanaşma qaz xəttinə olan ehtiyacı minimuma endirir. Biokütlə və bioqaz potensialı olan kənd təsərrüfatı rayonlarında isə yerli xammal hesabına enerji istehsalı həm iqtisadi, həm də ekoloji baxımdan səmərəli model kimi çıxış edə bilər.
İnfrastruktur baxımından daha çevik həll kimi mayeləşdirilən təbii qazın (LNG) və ya sıxılmış qazın (CNG) lokal paylanma modelləri də nəzərdən keçirilə bilər. Bu üsul daimi qaz kəməri çəkilmədən müəyyən ərazilərin qaz tələbatının qarşılanmasına imkan verir və ilkin investisiya xərclərini azaldır. Yekunda onu demək olar ki, Azərbaycanın tam qazlaşmaya yaxınlaşdığı mərhələdə qalan 4 faizlik ərazilər üçün klassik qaz kəməri modelindən kənar yanaşmalar daha rasional görünür. Alternativ enerji mənbələrinin, hibrid istilik sistemlərinin və çevik infrastruktur modellərinin tətbiqi həm dövlət xərclərini optimallaşdırır, həm də uzunmüddətli perspektivdə dayanıqlı və təhlükəsiz enerji təminatını mümkün edir. Bu yanaşma Azərbaycanın enerji strategiyasının müasir və çevik inkişaf xəttinə tam uyğun gəlir".
Aişə Mustafeyava
