Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ilk cəhdi keçirilib. İmtahanda 1702 namizəd iştirak edib, nəticələrin isə 2–3 gün ərzində açıqlanacağı bildirilib.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, rezidenturaya qəbul üçün təşkil olunan imtahanlar ali təhsil müəssisələrinə qəbul imtahanlarından bir qədər fərqlənir:
“Həmişə belə olub və bu il də istisna deyil. Bu, stabil şəkildə davam edən bir prosesdir. Çünki rezidenturaya iddiaçıların sayı nisbətən az olur və əksəriyyəti yüksək nəticə göstərən məzunlardır. Azərbaycan Tibb Universitetinin məzunlarının bir qismi Avropa ölkələrinə, Türkiyəyə və ümumilikdə Qərb ölkələrinə üz tutduğuna görə, ölkə daxilində rezidentura imtahanına daha az namizəd qalır.
Bu il isə müəyyən fərqli yanaşma hiss olunub. Xüsusilə, klinik situasiyaya əsaslanan sualların sayının artdığı görünür. Yəni suallar praktik düşüncə və qərarvermə bacarıqlarını yoxlamağa yönəlib. Ümumilikdə əvvəlki illərlə müqayisədə böyük fərq yoxdur, sadəcə müəyyən qədər yenilik var. Çətinlik səviyyəsi də ümumilikdə orta və ya bir qədər yüngül hesab oluna bilər. DİM bu imtahanlarla bağlı ciddi tənqidlərə də çox məruz qalmayıb. Çünki rezidentura üzrə məzun sayı onsuz da azdır. Əksəriyyət xarici ölkələrə üz tutduğundan, ölkədə qalanlar üçün müəyyən balans qorunur və bu baxımdan imtahan şərtləri nisbətən uyğunlaşdırılır. Məqsəd boş qalan yerlərin doldurulmasıdır”.
Müsahibin sözlərinə görə, burada əsas məsələ tibb sahəsində daha ciddi və sistemli yanaşmanın tətbiq edilməsidir:
“Çünki gələcək həkimlərin bilik və bacarıqları daha yüksək səviyyədə formalaşmalıdır. Bizdə isə bəzən buraxılış imtahanlarında suallar həddən artıq çətin olur, ali təhsil mərhələsində isə proses əksinə gedir. Əslində isə balans düzgün qurulmalıdır: buraxılış imtahanları daha sadə, universitet təhsili isə daha ciddi və çətin olmalıdır. Ümumilikdə bu ilki rezidentura imtahanını mürəkkəb hesab etmək olmaz, ənənəvi və nisbətən sabit şəkildə keçirilib”.
Mələk Hüseynova