00:00:00
Yazar
Admin User
14.11.2023 15:35 291 3 dəq oxuma
Sosial

Azərbaycanın qış turizmi ilə bağlı hədəfləri

Azərbaycanın qış turizmi ilə bağlı hədəfləri

"Dövlət Turizm Agentliyi tərəfindən xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgilərdə və tədbirlərdə il boyu ölkənin qış turizm imkanları və qış turizm məhsullarının, dağ-xizək mərkəzlərinin tanıtımı və təbliğatı həyata keçirilir".

 

Bu sözləri informator.az- a açıqlamasında Dövlət Turizm Agentliyinin Media və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirib.

 

"Yay turizm mövsümünün sonlarından etibarən, ölkədə fəaliyyət göstərən qış turizm mərkəzlərində hazırlıq işlərinə start verilir, eyni zamanda turistlərin qəbulu üçün hazır vəziyyətə gətirilir”.

 

Gülnar Mustafayeva bildirib ki, ölkə üzrə hava şəraitindən asılı olaraq, adətən dekabr ayının 15-dən etibarən, qış mövsümünə start verilir.

 

“Hər il olduğu kimi bu ildə Dövlət Turizm Agentliyi olaraq hədəfimiz ölkəyə daha çox əcnəbi qonağın cəlb edilməsinə nail olmaq, hədəf bazarlarda müvafiq təbliğat işlərini artırmaq, hədəf ölkələrin coğrafiyasını genişləndirmək, eləcə də sənayenin fəaliyyətinə dəstək göstərərək, yeni turizm məhsullarının yaradılmasına nail olmaqdır. Bütövlükdə qış mövsümündə də təbiət, mədəni, sağlamlıq, qastronomik və digər ənənəvi turizm istiqamətləri üzrə işlər davam etdirilir".

 

Gülnar Mustafayeva əlavə edir ki, cari ilin yanvar-oktyabr ayları üzrə ölkəyə 1.724, 218 xarici ölkə vətəndaşı səfər edib.

 

"İlin sonuna kimi Azərbaycana səfər edənlərin sayının iki milyon nəfərə çatmasını proqnozlaşdırırıq. Həmçinin qış mövsümünün davamı olaraq növbəti ilin yanvar-mart aylarında da bu illə müqayisədə artımın olacağı gözlənilir. Ümumilikdə isə növbəti il üçün bu illə müqayisədə xarici ziyarətçilərin sayında 20 faiz artım olması hədəflənir”.

 

Müsahibin sözlərinə görə, hazırda ölkə üzrə 3 əsas qış turizm mərkəzi - “Şahdağ” Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq İstirahət Mərkəzi turistlərə xidmət göstərir.

 

“Qış turizm destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar. Həmçinin, Avropa bazarından olan turistlərin də daha çox səfərlərinin təmin edilməsi istiqamətində işlər aparılır. Müasir infrastruktura malik qış turizm mərkəzlərinin mövcudluğu ölkəmizdə qış idman növləri üzrə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək".

 

Müsahib işğaldan azad edilən ərazilərdə turizm sektorunun qışa hazırlığı ilə bağlı sualları cavablandırıb.

 

"İşğaldan azad edilən ərazilərdə, Kəlbəcər və Laçın rayonları qış turizminin inkişaf etdirilməsi üzrə geniş potensiala malikdir. Qış aylarında havanın temperaturu, yağıntılı və qarlı günlərin sayı, relyef, dağın hündürlüyü və meylliliyi kimi amillər nəzərə alınaraq bu ərazilərdə qış turizm mərkəzlərinin yaradılması məqsədəuyğun hesab edilə bilər”.

 

G.Mustafayeva düşünür ki, xüsusilə, Kəlbəcərin sağlamlıq turizm potensialı da nəzərə alınaraq turizm resurslarının bir ərazi ətrafında paralel inkişafı müxtəlif seqmentli turistlərin cəlb olunmasına, həmçinin beynəlxalq praktikada olduqca geniş istifadə olunan sağlamlıq turizmi və dağ-xizək mərkəzlərinin birlikdə turizm klasteri formalaşdırmasına şərait yarada bilir. Hazırda mart ayından etibarən Şuşaya təşkil olunan turlar davam etməkdədir.

 

“Yaxın gələcəkdə Suqovuşan istirahət parkı və Talış kəndinə turistik turların təşkil edilməsi planlaşdırılır".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər