Azərbaycanın üzgüçülük millisinin yeni baş məşqçisi açıqlanıb
Azərbaycan Üzgüçülük Federasiyası milli komandanın yeni baş məşqçisi kimi isveçrəli Luka Qabrilonu təqdim edib. 44 yaşlı mütəxəssis 15 illik beynəlxalq təcrübəyə malikdir və əvvəllər İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Qabrilo Tokio-2020 Olimpiadasında İsrail yığmasının baş məşqçisi olub və Beynəlxalq Üzgüçülük Liqasında “Team Iron” klubuna rəhbərlik edib.
Bu sözləri Azərbaycan Üzgüçülük Federasiyası milli komandanın baş məşqçisi Luka Qabrilo "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, hər bir məşqçi kimi onun da əsas hədəfi idmançıların ən yaxşı formada çıxış etməsini təmin etməkdir:
“Bunun üçün onlara düzgün mühit yaratmaq lazımdır ki, onlar aydın təlim və həyat tərzi prosesi vasitəsilə inkişaf edə bilsinlər. Bu, idmançıları yüksək performanslı yanaşma və müvafiq nəticələrə gətirəcək. Bir qədər fəlsəfi səslənsə də, reallıqda bu prosesin yaradılması və müxtəlif qurumlarla əməkdaşlığın gücləndirilməsi peşəkar və güclü idmançıların yetişməsinə geniş imkanlar yaradır.
Qeyd etmək istərdim ki, bütün məşqçilərlə istənilən növ əməkdaşlığa tam açığam. Bilik və təcrübəmi paylaşmağa həmişə üstünlük vermişəm. Digərlərindən gizlətmək istədiyim hər hansı bir sirr və ya sehr yoxdur. İş sisteminin qurulması, həmçinin mövsüm və həftəlik planların hazırlanması istiqamətində bütün məşqçilərə köməklik etməyə hazıram. Buraya plandan əlavə suda və quruda keçirilən məşqlərin düzgün qurulmasını da aid edirəm. Qeyd olunan istiqamətlərdə bütün məşqçilərlə əlaqə quraraq əməkdaşlıq etməyə dəvət edirəm.
Artıq üç həftədir burada idman direktoru Pyer Ləfonten və yerli məşqçilərlə işləyirəm. Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Daha sonra noyabrda Belarusda qısa məsafələr üzrə turnir, dekabrda isə Polşada qısa məsafələr üzrə Avropa Çempionatı yarışları bizi gözləyir. Qeyd olunan yarışlardan sonra planlaşdırığım məşq proqramı üzrə növbəti il üçün hazırlıqlarımız başlayacaq”.
Nazim Xeyrxəbərli
