Azərbaycanın “Yaşıl enerji” layihələri
Azərbaycan son illər enerji strategiyasında yaşıl texnologiyalara xüsusi önəm verir. Ölkənin külək və günəş potensialı həm yerli enerji tələbatını qarşılamada, həm də ixrac imkanlarının genişlənməsində mühüm rol oynayır. Hazırda tikintisi davam edən və istifadəyə verilən yeni stansiyalar regionun enerji xəritəsini dəyişdirir, ekoloji yükü azaltmaqla yanaşı, iqtisadi inkişaf üçün də yeni imkanlar yaradır.
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev "İnformator.az" saytına açıqlamasında bildirib ki, Azərbaycanda günəş, külək və su enerjilərindən daha çox istifadə oluna bilər:
"Azərbaycan günəş və külək enerjisi baxımından zəngindir. Azərbaycana əsən küləklər təxminən 9 istiqamətdən daxil olur. Bu, cənubdan, Ərəbistan və Afrikadan gələn küləklərdir. Qərbdən gələn hava axınlarıdır. Şimaldan gələn hava axınları və şərqdən gələn hava axınlarıdır. Məqsəd budur ki, onu əlverişli şəkildə istifadə etməliyik. Şimaldan gələn hava axınları ən çox Bakı və Xəzər sahilini tutur. Bu küləklər çox böyük gücə malikdir. Bunlar ən çox yaz və payız aylarında olur. Xəzər dənizinin şelf zonalarında, 10-15 metrlik sularında külək pərlərindən istifadə edilir. Dünyanın bir çox ölkələrində, xüsusilə də Qərbi Avropa ölkələrində sularda qurulmuş külək pərlərindən istifadə olunur. Şimal küləklərindən əlavə qərb küləkləri də ölkəmizə istiqamətlənir. Atlantik okeandan Azor maksimumuna gələn küləklərdir ki, onlar adətən yağıntı gətirir. Digəri isə Kür-Araz ovalığından əsən küləklərdir. Bir sözlə, Azərbaycanda elə ərazilər var ki, orada fasiləsiz olaraq külək pərləri işləyir. İqlim şəraitinə görə bizdən qat-qat zəif olan Almaniyada enerjinin 60 faizini günəş və külək enerjisindən alırlar. Azərbaycan ərazisinin 50 faizindən çoxu quru sub-tropik iqlimdədir. Azərbaycanın Naxçıvan, Kür-Araz ovalığı, Ceyrançöl əraziləri, Samur-Dəvəçi ovalığı, Qobustan kimi bölgələrinin isti fəsillərində yerə 120 kilokalori/sm² enerji düşür. Bu, çox böyük rəqəmdir və bundan istifadə etmək vacibdir. Andadium adlı qızıldan bahalı bir maddə var ki, ondan istifadə edərək günəş şüasını enerjiyə çevirə bilirik. Problem ondadır ki, bu zaman torpaqdan istifadə mümkün olmur. Əsasən yararsız sahələrdə quraşdırılır. Mən istəyərdim ki, gələcəkdə günəş, külək və su ilə enerji tələbatı ödənilsin".
Ayisə Şərifova
