Azərbaycanlı boks hakimi Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq
Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanında keçiriləcək ölkə çempionatında neytral hakim kimi iştirak edəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, Fərhad Rəhmanovun hakim kimi Səudiyyə Ərəbistanında keçiriləcək ölkə çempionatında iştirakını çox müsbət qarşılayır:
“Çünki idman təkcə məşqçilərdən ibarət deyil, eyni zamanda texniki heyət də mühüm rol oynayır. Bu heyətdə ən vacib fiqurlardan biri də hakimlərdir. Onlar idmanda çox önəmli strukturu təmsil edirlər. Əgər başqa ölkədə keçirilən federasiyadaxili yarış üçün bizim ölkədən hakim dəvət olunursa, bu, həmin federasiyanın həm Azərbaycan hakimlərinə, həm də ümumilikdə ölkəmizdə boksun inkişafına cavabdeh olan şəxslərə göstərdiyi etimadın göstəricisidir. Çünki beynəlxalq yarışlarda onsuz da bizim hakimlər dünya hakimləri ilə birgə iştirak edirlər və bu, ayrıca məsələdir. Adətən daxili yarışlara başqa ölkədən hakim dəvət olunması həmin ölkədə boks sahəsində görülən işlərə olan etimad nümunəsi kimi qiymətləndirilir. Bizdə də istər futbolda, istər güləşdə, istərsə də digər idman növlərində əcnəbi hakimlərin xidmətindən istifadə olunub. Tərəflər arasında rəqabətin yüksək olduğu və neytrallığın qorunmasının vacib sayıldığı hallarda bu cür addımlar atılır. Bu, normal və qəbul olunmuş beynəlxalq təcrübədir. Məhz bu təcrübə çərçivəsində azərbaycanlı hakimə müraciət edilməsi çox təqdirəlayiq haldır. Mən düşünürəm ki, təkcə gənclər və yeniyetmələr arasında keçirilən yarışlarda deyil, ümumiyyətlə, qadınlar və kişilər arasında bütün yaş qruplarında neytral hakimin iştirakı yarışların səviyyəsinin və rəqabət qabiliyyətinin artmasına xidmət edir. Buna görə də Fərhad Rəhmanovun Səudiyyə Ərəbistanında keçirilən ölkə çempionatında neytral hakim kimi iştirakını müsbət dəyərləndirirəm".
Reyhan Quliyeva
