00:00:00
Yazar
Admin User
05.07.2023 08:57 307 3 dəq oxuma
Sosial

Azərbaycanlı Nantes sakini: İnsanları bu qədər qəzəbləndirən odur ki, bu hadisə Fransada ilk deyil

Azərbaycanlı Nantes sakini: İnsanları bu qədər qəzəbləndirən odur ki, bu hadisə Fransada ilk deyil

Fransanın Nantes şəhərində yaşayan həmyerlimiz Arzu Əhmədova son vəziyyət barədə İnformator.az saytına danışıb.

 

28 iyun tarixində Paris ətrafında polis məmuru tərəfindən 17 yaşlı gənc silahla öldürüldü... Bu xəbər insanlarda böyük bir qəzəbə səbəb oldu. Hadisə nəticəsində çoxsayda insan Fransanın müxtəlif şəhərlərində etiraz yürüşləri keçirməyə başladılar. 30 iyun tarixində yaşadığım Nantes şəhərində təxminən 300-400 nəfərlik bir qrup insan rəsmi qurumların icazəsi olmadan etiraz yürüşü etdilər. Kütləvi şəkildə zibil qutuları yandırıldı, ətrafda olan dövlət və şəxsi obyektlərə zərər vuruldu. Yürüşün səbəbi o idi ki, artıq Fransada polis zorakılığına son qoyulsun və Nahelin başına gələn hadisə bir daha təkrarlanmasın. İnsanları bu qədər qəzəbləndirən odur ki, bu hadisə Fransada ilk deyil. Qeyd edim ki, 2018-ci ildə də bənzər hadisə yaşanmışdı. Nantes polisi Abu Bakar adlı bir gənci qətlə yetirmişdi. O zaman da etiraz yürüşləri olmuşdu. Bir daha təkrar edirəm ki, bu hadisə ilk olmadığı üçün artıq insanlar etirazlarını zorakılıqlar nümayiş etdirərək hökumətə bildirirlər.

 

Etirazçıların əsas şüarı “Nahel üçün ədalət”dir. Naheli vuran polis həbs olunsa da insanlar onun layiqli cəza almasını görmək istəyirlər. İğtişaşlar başladığından bu günə qədər etirazçılar axşam saat 6-dan sonra kütləvi şəkildə küçələrə axışır və etiraz yürüşləri keçirirlər. Yol ətrafındakı maşınlar yandırılır, bəzi dövlət müəssisələrinə zərər vurulur. Məsələn, iki gün bundan öncə bir bələdiyyə binası yandırıldı. 1 iyul tarixində mənim yaşadığım Nantes şəhərində böyük bir avtobus xəttinə zərər vuruldu. Etirazçılar elektriklə çalışan avtobusu saxlayıb, sürücü daxil bütün sərnişinlərin avtobusu tərk etmələrini istəyiblər. Daha sonra avtobus yandırılıb. Bu, nəqliyyat sistemi Nantes şəhəri üçün çox əhəmiyyət daşıyır. Bu hadisə nəticəsində avtobusun fəaliyyəti üçün gərəkli olan bütün elektrik xətləri yanıb. Bundan sonra iki gün ərzində o istiqamətdə nəqliyyatın fəaliyyəti dayandırıldı. Artıq hər gün axşam 6-dan sonra hamı evinin pəncərələrini bağlayır və evdə vaxt keçirməyə üstünlük verilir. Vəziyyət gərgindir. Çünki hamı gecəni narahatlıqla keçirir ki, görəsən, maşınım yandırıldımı və ya hansısa əmlakıma zərər dəydimi?!

 

Onu da qeyd edim ki, bütün bunlarla yanaşı, bir qrup insan var ki, onlar bu xaosdan istifadə edirlər. Onların məqsədi təbii ki hakimiyyətin siyasətinə etiraz və ya gənc bir Əlcəzairlinin öldürülməsi deyil. Onların məqsədi tamamilə bu vəziyyətdən öz maraqları üçün istifadə etmək və özəl müəssisələri yağmalamaqdır. Bu günlərdə birini müşahidə etdik. Bir mağazaya daxil olan həmin qrup insan obyekti yağmalayıblar. Buna görə də obyekt sahibləri pəncərələrin sındırılmasının qarşısını almaq üçün xüsusi qoruyuculardan istifadə edirlər.

 

Müşahidələrimə əsasən onu deyə bilərəm ki, Fransada müxtəlif məsələlərlə bağlı tez-tez nümayişlər keçirildiyi üçün bu vəziyyət insanlarda hədsiz həyəcan, təşviş yaratmır. Bu səbəblə özlərini və obyektlərini, əmlaklarını qoruma məsələsində müəyyən təcrübəyə sahibdirlər. Bütün bu qeyd etdiklərim mənim hazırda olduğum Nantes şəhərində yaşanır. Daha sərt hadisələrin yaşandığı şəhərlər də var. Məsələn, Marsellada, Nitsada polis məmurları ilə vətəndaşlar arasında silahlı qarşıdurma kimi daha aqressiv hərəkətlər nümayiş olunduğu deyilir.

 

Son olaraq onu da əlavə edim ki, son 2 gün əvvəlki günlərə nisbətən daha sakit keçib.

 

Xumar Bayramqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər