AzTU tələbələrindən Qarabağ münaqişəsi ilə bağlı daha bir addım
Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması və işğal olunmuş torpaqlarımızın azad olunması üçün vətəndaş cəmiyyətinin rolu xüsusi önəm kəsb edir. Buna görə də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən Amerika Birləşmiş Ştatları prezidentinin adına petisiya hazırlanıb.
Azərbaycan Texniki Universitetinin tələbələrinin petisiyada aktiv iştirakını təmin etmək üçün Universitetin Tərbiyə işləri üzrə prorektoru Tələbə həmkarlar və gənclər təşkilatının fakültə üzvləri ilə birgə iclas keçirib. İclasda petisiyanın əhəmiyyəti diqqətə çatdırılıb və imzalama prosesi əyani olaraq monitorda nümayiş etdirilib.
AzTU tələbələri bildiriblər ki, petisiya ilə bağlı aktivlikləri təkcə öz səslərini verməklə bitməyəcək. Bundan əlavə sosial şəbəkələr üzərindən digər tanışlarının da bu işə cəlb olunması üçün səylərini birləşdirəcəklər.
İmzaladığınız müraciətin mətni:
Biz Obama Administrasiyasına Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə petisiya ilə müraciət edirik:
AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan:
Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını;
Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbini;
Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğunu;
Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyini;
ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyini nəzərə alaraq,
Biz Administrasiyanı AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırıq.
