AzTV-nin arxivində 52 min kaset rəqəmsallaşdırılacaq
Teleradio Akademiyasında “Klassik arxivdən rəqəmsal arxivə keçid: yeni dövrün başlanğıcı” mövzusunda təlim keçirildi. Təlim iştirakçıları Azərbaycan Televiziyasının Qızıl Fondunda dəyərli materiallarla tanış oldular. AzTV-nin Videokinomateriallar şöbəsinin rəhbəri Fatma Rzaquluqızı bildirdi ki, televiziya yayımının ilk dövrlərində qeyd mühiti olmadığından yayımlar canlı həyata keçirilirdi. Sonrakı dövrdə isə geniş lentlər, VHS, BTKAM, IMX və DVCAM kasetləri istifadə olunub. Xüsusilə BETACAM və IMX kasetləri uzun müddət materialların qorunmasına imkan verib.
Onun sözlərinə görə, AzTV-nin HD sisteminə keçidi 1 milyon manatlıq layihə çərçivəsində həyata keçirilib və ilk olaraq Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə bağlı kassetlər rəqəmsal sistemə köçürülüb. Ümumilikdə 52 min kasetin rəqəmsallaşdırılması planlaşdırılır və bu işin 10-15 il davam edəcəyi gözlənilir. Hər kaset tək-tək izlənib annotasiya yazılmadan istifadə edilə bilməz.
Bundan əlavə, arxivdə materiallar redaksiya növünə görə kodlaşdırılıb. Hər kasetin pasportunda adı, tarixi, xronometrajı, keyfiyyətə nəzarət və yayım tarixləri qeyd olunur.
Ümumiyyətlə, AzTV-nin film arxivində təxminən 20 min film lentinin bərpası üçün xüsusi laboratoriya yaradılıb. Burada yalnız 4 mühəndis köhnə filmləri rəqəmsal formata, əsasən 4K-ya çevirir, rəng solmaları düzəldilir, cızıqlar təmizlənir və görüntü keyfiyyəti artırılır. Hətta 10 dəqiqəlik bir filmin bərpası 1,5-3 ay çəkir. Bərpa olunmuş filmlər arasında “İsti su Kəlbəcər”, “İlan Zəhəri” və Səməd Vurğunun müəllifi olduğu “Aygün” poeması əsasında eyni adlı filmi yer alır.
Görüş zamanı iştirakçılar arxiv işinin önəmi, köhnə materialların qorunması və rəqəmsal dövrün televiziyaya gətirdiyi yeniliklər barədə interaktiv müzakirələr apardılar.
Qeyd edək ki, Fatma Rzaquluqızı 42 ildir ki, arxiv sahəsində çalışır.
Fəridə Sadıqzadə
