Azyaşlı uşaqların vaxtından əvvəl məktəbə getməsi doğrudur, ya yanlışdır?
Psixoloq-psixoterapevt Xanım Niftəliyeva İnformator.az sayıtnın sorğusuna cavab verib:
Azyaşlı uşaqların məktəbə getməsini hər uşağa şamil etmək olmaz. Çünki uşağın böyüdüyü, yetişdiyi mühitdən, ailədən çox şey asılıdır. Burada genetik faktorlar da əhəmiyyət daşıyır. Təbii ki, bir ailədə ata-ana, nənə, baba həkimdirsə, ziyalı bir təbəqənin üzvüdürsə, o uşağı 4-5 yaşından ibtidai sinfə yola salıb, yaxşı nəticələrlə də qarşılaşa bilər. Amma bir tərəfədən də qeyd etmək istərdim ki, zaman, gündəlik rejim belə uşaqlarda yorulmaya, dayanmağa səbəb ola bilər. Dərslərin ağırlaşmağa başladığı 7-8-ci sinifdən 9-10-cu sinfə keçid dövründə ən çox oğlan uşaqlarında biz bunu müşahidə edirik. 9-cu sinfə qədər hər şey yüksək səviyyədə olur, qiymətlər yaxşı olur, lakin 10-cu sinifdə, yəni yetkinlik dövründə artıq bu mənfi nəticələrə səbəb olur. Ona görə də bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Bəzən deyirlər ki, gedə bilməz, oxuya bilməz. Mənim öz ailəmdə və ətrafımda da belə uşaqlar var. Onlar hazırda ali təhsil alır. Amma bu o demək deyil ki, bunu hər kəsə şamil etmək olar. Uşaqların fiziki yetişməyinə, dünyagörüşlü olmasına da nəzər yetirmək lazımdır. Uşaq var ki, 10-15 yaşı var, əqli problemi olur, yaxud uşaq xarakterindədir. Çünki o elə əzizlənib, elə böyüdülüb. O uşağı 5 yox, 7 yaşında da məktəbə versək, normal uşaqlar kimi nəticə göstərə bilər. Bəzən fitri istedadlı uşaqların azyaşından məktəbə verilməsi təqdirəlayiqdir. Çünki bu uşaqlar irəli gedəcək, yüksək nəticə, yüksək bal əldə edəcək. Son 5 ildə ən yüksək bal toplayan abituriyentlərimizə nəzər saldıqda görərik ki, onların əksəriyyəti az yaşından məktəbə gedən şagirdlər olub. İndidən tələb qoyulmalıdır ki, uşaqlar 2-3 yaşından məktəbəqədər təhsil müəssisələrinə verilməlidir , evdə valideyn özü xüsusi məşğul olmalıdır. Müəllim və valideynlə bərabər onlar üçün psixoloq ayrılmalıdır. Məktəbəqədər təhsil, ibtidai sinif üçün psixoloqlar ayrı olmalıdır. Məktəbəqədər təhsil müəssisələrinə uğurla qəbul olan uşaqlar məktəblərdə də uğurlu nəticə göstərir. Bir sözlə hər şey ibtidaidən başlayır. Hər şey bir təməllə başlayır. O təməl istər orta məktəbdə, istər ali məktəb dövründə düzgün qoyulursa, onun heç bir qorxusu olmur. Uşaq irəli gedir, inkişaf edir və gələcəkdə sevib-seçdiyi sahədə necə lazımdırsa, o sözünü deyir.
