Bütün ömrünü xalqına, vətəninə həsr etdi - Xalqımızın mərd qızı
Adam kimi adam..
Millətimizin qeyrətli xanımı, qızlarımızın ideal qadın obrazına çevrilmiş, uşaqdan böyüyə hər kəsin, bütün Azərbaycan xalqının sevimlisi Qənirə Paşayeva. Həmişə əməlləri ilə, etdiyi yaxşılıqlarla insanların sevimlisinə çevrilən, adını eşitdikcə üzdə təbəssüm yaradan Qənirə xanım bu dəfə xalqını sevindirə bilmədi. İlk dəfə idi ki, bizləri kədərləndirdi. 28 sentyabr axşam saatlarında aldığımız xəbərə görə Qənirə xanım bu dünyaya ömürlük vida etdi. Bəs xalqımızın, hətta nəyinki biz, dünyanın bir çox ölkələrindən onu tanıyan insanların onu bu qədər sevməsinə, kədərlənməsinə səbəb nə idi? “Ən önəmli şey nədir? Biz bu dünyadan gedəndə nə aparacayıq? Bu paltarları da burda qoyub gedəcəm, bu qulağımıza taxdığımız, boynumuza, hər şey, hər şeyi burda qoyub gedəcəyik. Heç bir şeyi aparmıyacayıq. Ən sevdiklərimiz belə bizi torpağa tapşırıb dönəcəklər. Bizdən nə qalacaq? Bir şey-bizi xatırlayanda kimsə deyəcək ki, “adam kimi bir adamdır”. Mənim üçün ən önəmlisi bu dünyadan getdiyim zaman rahat ölə bilməkdir" demişdi bir müsahibəsində. Elə onu bu qədər sevdirən də bunlar idi. Qənirə xanım “Vətən qadını” idi. Sadəcə xalqı üçün yaşadı, xalqı üçün çalışdı. Bütün ömrünü xalqına, vətəninə həsr etdi. Ruhunuz şad olsun, Qənirə xanım! İndi sizi xatırlayanda hər kəs “adam kimi bir adam” idi deyir. Sizdən bizə çox şey qaldı..
Kübra Musayeva
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi
