Bəzi bina evlərində kombi sisteminə məhdudiyyət tətbiq olunacaq- AÇIQLAMA
Son dövrlərdə çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinin, xüsusilə, kombilərin istifadəsi ilə bağlı yeni tənzimləmələrin tətbiqi gündəmə gəlib. Məqsəd qaz sızması, partlayış təhlükəsi və texniki uyğunsuzluqların qarşısını almaq, eyni zamanda mərkəzləşdirilmiş istilik sistemlərinin səmərəliliyini artırmaqdır. Yeni qaydaların hansı binalara şamil olunacağı və vətəndaşlara necə təsir edəcəyi isə müzakirə mövzusudur.
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov “İnformator.az”a açıqlamasında bildirib ki, məsələ əslində son bir ilin aktual mövzularındandır və Azərbaycanın enerji ehtiyatlarının qorunması siyasəti ilə bağlıdır:
“2025-ci ildə çoxmənzilli binalarla bağlı müəyyən tədbirlər planı təklif olunub. Bu plana əsasən, gələcəkdə binaların daha enerjiyə qənaətcil, yəni enerji itkiləri az olan və daha erqonomik şəkildə inşa edilməsi nəzərdə tutulur. Həmçinin, yeni layihələndirilən binalar üçün enerji pasportlaşdırılması tətbiq ediləcək. Enerji baxımından daha səmərəli binalara xüsusi siniflər veriləcək və ehtimal olunur ki, belə binalarda elektrik və qaz kimi enerji resursları daha aşağı tariflərlə təqdim olunsun. Bundan əlavə, Parlamentdə mini qazanxanalarla bağlı qərar qəbul olunub. Gələcəkdə yeni binaların bu qazanxanalara qoşulması sərbəst olmayacaq, bina sakinləri ümumi qərarla qoşulma və ya ayrılma hüququna malik olacaqlar. Bu məhdudiyyət yalnız yeni layihələndirilən binalara şamil ediləcək, mövcud yaşayış fonduna aid deyil. Alternativ enerji mənbələrinin və yeni texnologiyaların tətbiqi məsələsi isə hələ açıq qalır. Baxmayaraq ki, dünyada “yaşıl enerji” və dayanıqlı enerji istifadəsi istiqamətində ciddi addımlar atılır, bu texnologiyalar hələlik baha olduğu üçün geniş tətbiqi məhduddur. Hazırda əsas diqqət mini qazanxana sistemlərinin tətbiqinə yönəlib. Bu yanaşmanın həm üstün, həm də zəif tərəfləri var. Mövcud fərdi istilik sistemlərində vətəndaş istədiyi vaxt sistemi işə sala bilir və kənar amillərdən asılı olmur. Mini qazanxanalarda isə texniki xidmət, təmir, qəza halları və enerji itkiləri kimi risklər mövcuddur. Xüsusilə, qeyd olunmalıdır ki, qazanxanalardan mənzillərə ötürülən istilik zamanı təxminən 20%-ə qədər enerji itkisi baş verə bilər. Bu itkilər əsasən ötürmə xətləri və ehtiyat çənlərində yaranır. Eyni zamanda, bu sistemlərdə əlavə enerji ehtiyatının saxlanılması tələbi də ümumi sərfiyyatı artırır. Digər tərəfdən, tikinti şirkətləri gələcəkdə öz yaşayış kompleksləri daxilində fərdi qazanxanalar qura bilər. Lakin mövcud şəraitdə bu qazanxanalarda istifadə olunan qaz kommersiya tarifi ilə, yəni daha yüksək qiymətlə təklif olunur, bu da onların iqtisadi səmərəliliyini sual altına qoyur. Nəticə etibarilə, mini qazanxana və yeni enerji yanaşmalarının nə dərəcədə effektiv olacağı zamanla müəyyən ediləcək”.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, mərkəzləşdirilən istilik sisteminə keçid müəyyən mənada daha sərfəli hesab olunur:
“Çünki istilik bir mərkəzdə hazırlanır və bütün sistemə paylanır, bu da ümumi xərclərin azalmasına səbəb olur. Fərdi sistemlərdə isə hər kəs istiliyi ayrıca təmin edir və bu, ümumi baxımdan daha çox enerji sərfiyyatı yaradır. Bununla belə, hər iki sistemin üstün və zəif tərəfləri var. Mərkəzləşdirilən sistem ictimai baxımdan daha qənaətlidir. Fərdi kombi sistemləri isə istifadəçiyə daha çox komfort verir. Məsələn, hava soyuq olsa belə, fərdi kombisi olan vətəndaş istədiyi vaxt istiliyi tənzimləyə, sistemi yandıra və ya söndürə bilir. Halbuki mərkəzləşdirilən sistemlər adətən mövsümi olur və müəyyən tarixdə, məsələn 15 apreldə dayandırılır. Fərdi sistemlərin əsas üstünlüyü məhz bu elastiklik və istifadə rahatlığıdır. İstifadəçi öz tələbatına uyğun olaraq istiliyi artırıb-azalda bilir. Lakin bu rahatlıq bəzən daha yüksək xərclə müşayiət olunur. Dövlət baxımından isə daha səmərəli hesab edilən model mərkəzləşdirilən sistem ola bilər. Ancaq bu yanaşma mövcud binalara deyil, əsasən yeni layihələndirilən binalara tətbiq olunmalıdır. Çünki hazırda istifadə olunan binalarda sakinlər artıq fərdi kombi sistemlərinə ciddi vəsait yatırıb və bu sistemlərin məcburi şəkildə dəyişdirilməsi məqsədəuyğun deyil. Gələcəkdə əsas diqqət yeni binaların enerji effektivliyinə yönəldilməlidir. Tikinti materialları və layihələndirmə elə seçilməlidir ki, binalar qışda istiliyi saxlasın, yayda isə sərinliyi təmin etsin. Bu yanaşma daha az enerji sərfiyyatı ilə daha effektiv isitmə və soyutma imkanları yarada bilər”.
Cavahir Əsgərbəyli