00:00:00
Yazar
Bəsti Nəsibova
22.08.2026 13:24 67 2 dəq oxuma
Sosial

Bacarıqdan peşəyə, peşədən məşğulluğa layihəsi çərçivəsində sertifikatlandırma mərasimi keçirilib

Bacarıqdan peşəyə, peşədən məşğulluğa layihəsi çərçivəsində sertifikatlandırma mərasimi keçirilib

İnformator.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Bacarıqdan peşəyə, peşədən məşğulluğa” layihəsi çərçivəsində 21 avqust 2026-cı il tarixində sertifikatlandırma mərasimi keçirilib.

Layihənin əsas məqsədi qadınların peşə bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi və əldə etdikləri bacarıqlar vasitəsilə gələcəkdə məşğulluq və özünüməşğulluq imkanlarının artırılmasıdır.

Layihə çərçivəsində iştirakçılar üçün ümumilikdə 16 praktiki kulinariya təlimi təşkil olunub. Təlimlərdə Azərbaycan, Türk, Avropa, Şərq və Yapon mətbəxlərinə aid müxtəlif yeməklərin və şirniyyatların hazırlanması öyrədilib. İştirakçılar mini desert, müxtəlif salatlar, Kiyev kotleti, türk sayağı küftə, tort, “Glass Cake”, peçenye, pendirli börək, Quba xərək çörəyi, tvoroglu piroq, albalı salatı, toyuq kababı, göy qutabı, naqiş, suşi, çöp şiş kababı və yay salatının hazırlanması üzrə praktiki bacarıqlar əldə ediblər.

Təlimlər layihənin təlimçisi Xatirə Xudadarova tərəfindən keçirilib. Təlimçi hər bir məşğələ zamanı yeməklərin hazırlanma texnologiyasını praktiki şəkildə nümayiş etdirib, iştirakçılara məhsulların düzgün seçilməsi və istifadəsi, gigiyena və təhlükəsizlik qaydaları, hazırlanma texnologiyası və yeməklərin estetik təqdimatı barədə məlumat verib.

Sertifikatlandırma mərasimində çıxış edən layihə rəhbəri Səbinə Kərimova layihənin əhəmiyyətindən danışaraq bildirib ki, layihə çərçivəsində iştirakçılara yalnız kulinariya bacarıqları deyil, həm də əldə etdikləri bilikləri gələcəkdə peşə fəaliyyətinə və gəlir imkanlarına çevirmək üçün praktiki təcrübə qazandırılıb.

Səbinə Kərimova iştirakçıların 16 təlim müddətində göstərdikləri fəallığı yüksək qiymətləndirib, onların qazandıqları bacarıqları gələcəkdə məşğulluq və özünüməşğulluq məqsədilə istifadə etmələrinin vacibliyini vurğulayıb.

Təlimçi Xatirə Xudadarova çıxışında iştirakçıların təlimlərə maraq və fəallıqla yanaşdıqlarını qeyd edib. O, təlim müddətində iştirakçıların kulinariya sahəsində müxtəlif istiqamətlər üzrə praktiki bacarıqlar qazandığını bildirib və hər bir iştirakçıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mərasim zamanı layihədə iştirak edən qadınlara təlimlərdə əldə etdikləri bilik və bacarıqları təsdiq edən sertifikatlar təqdim olunub. Sertifikatlandırma iştirakçıların layihə müddətində göstərdikləri əməyin qiymətləndirilməsi və onların gələcək peşə fəaliyyətinə motivasiya olunması baxımından mühüm əhəmiyyət daşıyıb.

Tədbirin sonunda layihə çərçivəsində nəzərdə tutulan təlim və praktiki fəaliyyətlərin uğurla tamamlandığı bildirilib. Qeyd olunub ki, layihə iştirakçıların peşə bacarıqlarının inkişafına, özünəinamlarının artırılmasına, əmək bazarına inteqrasiyasına və gələcəkdə özünüməşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verib.

Layihənin həyata keçirilməsinə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür ifadə olunub.

#məşğulluğa #bacarıqdan #azərbaycan #mərasimi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər