00:00:00
Yazar
Bəsti Nəsibova
02.06.2026 11:19 129 2 dəq oxuma
Sosial

“Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsinin icrasına başlanılır

“Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsinin icrasına başlanılır

 

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2026-cı il tarixindən “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” adlı layihənin icrasına başlayır.

Bu barədə  layihə rəhbəri Səbinə Kərimova məlumat verib.

Layihə rəhbərinin sözlərinə görə, layihənin əsas məqsədi Sumqayıt şəhərində yaşayan əlilliyi olan qadınların kulinariya sahəsində peşə bacarıqlarının artırılması, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi, məşğulluq imkanlarının genişləndirilməsi və sosial fəallığının yüksəldilməsidir.

Səbinə Kərimova bildirib ki, əlilliyi olan qadınların əmək bazarında qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, onların peşə hazırlığının gücləndirilməsi və iqtisadi müstəqilliyinin təmin olunması cəmiyyətin sosial inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə həyata keçiriləcək layihə iştirakçıların həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına yönəlib.

Layihə çərçivəsində əlilliyi olan qadınlar üçün kulinariya sahəsində təlimlər təşkil ediləcək. Təlimlər zamanı iştirakçılar yeməklərin hazırlanması texnologiyaları, qida təhlükəsizliyi, sanitariya-gigiyena qaydaları, məhsulların düzgün seçilməsi və təqdimatı ilə bağlı bilik və bacarıqlara yiyələnəcəklər. Bundan əlavə, onların gələcəkdə işlə təmin olunması və ya kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün zəruri praktiki vərdişlərin formalaşdırılması istiqamətində də fəaliyyətlər həyata keçiriləcək.

3 ay müddətində icra olunacaq layihənin nəticəsində iştirakçıların peşə hazırlığı səviyyəsinin yüksəlməsi, özünəinamlarının artması, iqtisadi müstəqilliklərinin güclənməsi və cəmiyyət həyatında daha fəal iştirak etmələri gözlənilir. Layihənin eyni zamanda əlilliyi olan qadınların sosial inteqrasiyasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və rifahının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyi nəzərdə tutulur.

“Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi əlilliyi olan qadınların potensial imkanlarının üzə çıxarılmasına, onların peşəkar inkişafına və davamlı məşğulluq imkanlarının yaradılmasına xidmət edən mühüm sosial təşəbbüslərdən biri kimi qiymətləndirilir.

#azərbaycan #peşəyə # #layihəsinin #məşğulluğa”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər