Bağça seçimi edərkən nələrə diqqət etməlisiniz?
Uşaqlar doğulduqları andan inkişaf edir, yeni xüsusiyyətlər, məlumatlar, davranış qaydaları mənimsəyir. Təbii ki, uşaqların hər yaş dövrünə uyğun olaraq aid olduğu, sosiallaşdığı və ya uğurlar qazandığı yerlər var. Belə yerlərdən biri də uşaq bağçalarıdır.
Məsələ ilə bağlı İnformator.az-a açıqlama edən uşaq psixoloqu Aytəkin Məmmədova bağçaların uşaqlara təsirindən söz açıb. Psixoloqun sözlərinə görə, 0-6 yaş uşaqlar üçün inkişaf dönəmidir və uşağın ilkin cəmiyyəti onun ailəsidir.
“Daha sonra isə uşağın tamamilə bioloji varlıq olmadığını nəzərə alaraq, sosiallaşma ehtiyacının qarşılanması, özünə inamın formalaşması dövrü başlayır. Buna görə də bağça dövründə müəyyən saatlarda valideynlərdən ayrı qalmaları, sosiallaşmaları, özlərinə dost tapmaları özgüvənin yaranmasına səbəb olur”.
Psixoloq düşünür ki, uşaq bağçada digər uşaqlarla oynayır, dostlaşır, cəmiyyətdə olduqca onun şəxsiyyəti formalaşır, davranış qaydalarını, qabiliyyətlərini öyrənir, o cümlədən kollektiv ruhu formalaşır".
“Bağçada edilən qrup işləri, şənliklər və s. uşaqların qabiliyyətlərinə uyğun tapşırıq verdikdə onlarda inam hissi yaranır. Məsələn, bu yaşda tənqid olunan, nəyisə edə bilməyəcəyinə inanan uşaqların psixologiyasında çöküş, qorxu yaranır. Ancaq bağçada verilən tapşırıqlar uşaqların potensialına uyğun olduğu üçün bu proses təqdirəlayiqdir”.
Aytəkin Məmmədova qeyd edir ki, bağçada öyrənilən digər bir xüsusiyyət isə paylaşmaqdır. Bu uşağın psixoloji inkişafı üçün çox yaxşıdır.
“Bağçalar eyni zamanda, 3- 6 yaş qrupunda olan uşaqların nitqinə müsbət təsir edir, onların yaxşı danışıq qabiliyyətlərini inkişaf etdirir. Onlar idman öyrənirlər, idmana həvəsləri yaranır. Bu da uşaqlar arasında xoş, pozitiv rəqabəti formalaşdırır”.
Bəs, bağçalara valideynlərin münasibətləri necədir?
"Bəzi valideynlərin bağça baxışları müsbət deyil. Valideyn övladını bağçaya yönləndirmədikdə özü də yorulur. Çünki bir period olur ki, o da övladını tənzimləyə bilmir. Bu da normal haldır, çünki övladı bağçaya getsə, daha sakit olacaq, enerjisi,diqqəti başqa yerdə olacaq. Uşaqlar bağçada olan zaman onların aktivliyi gedir, təfəkkürü, diqqətin konsentrasiyası yaranır”.
Müsahib düşünür ki, əgər uşaqda hiperaktivlik varsa, ev daxilində qaydalara əməl etməyəcək.
“Ancaq bağçada ümumi qaydalar var, məsələn, əlləri yumaq ,yemək saatı kimi. Yəni, əgər uşaq yeməyini yedikdən sonra öz boşqabını aparırsa, deməli, onun özünə inamı var. Valideynlər bu tərəfləri görsələr, çox yaxşı olar".
Psixoloq tövsiyyə edir ki, uşaq 3-6 yaşını bağçada keçirsin.
Valideynlər bağça seçimi edərkən nəyə diqqət yetirməlidir?
"Valideynlər bağça seçimi edərkən müəllimlərə, onların uşaqlarla davranışına diqqət yetirməlidirlər. Çünki bu yaş periodu elə dövrdür ki, sərt, ciddi tənqid edən, aqressif pedaqoqlar olarsa, uşaqlarda travma yaranacaq və bağça onların yaddaşında pis qalacaq. Burada valideynin nəzarətinin olması, müəllimlərin uşaqla rəftarını bilməsi vacibdir. Bağçaların çoxunda kamera nəzarəti var. Kamera vasitəsilə müəllimlər bunu daha da dəqiqləşdirə bilərlər. Valideynlər gigiyenik təmizliyə,ümumi kollektivin tərbiyəli yönümünün olmasına diqqət etməlidirlər".
Aytəkin Məmmədova sonda əlavə edir ki, bağçalar müəyyən qaydalarla fəaliyyət göstərməlidir.
“Bağçada əsas strukdur pedaqoqların doğru iş aparması, nizam-intizamlı olması, qaydalara əməl olunması, çox sərt olmamalı ancaq doğru qaydalar qoyulmalıdır”.
Nəzrin Mirzəyeva
