"BAĞÇALARA UŞAQ YAZDIRMAQ “MİDA”DAN EV TAPMAQ QƏDƏR ÇƏTİNDİR"
2023-2024 tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb. Avqustun 1-də saat 11:00-da regional təhsil idarələri, avqustun 8-də saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı müraciə edə bilərlər. Proses sentyabrın 1-dək davam edəcək.
Prosesin başladığı ilk gün – avqustun 8-də səhər saat 11:00-də elektron sistem vasitəsi ilə məktəbəqədər təhsil müassisələrində vakant yerlər üzrə müraciət edənlər cəmi 5 dəqiqə sevinə bildilər. 5 dəqiqə sonra əksər valideyn sosial şəbəkələrdə sistemin çökməsindən şikayətləndi. İki azyaşlı övladını bağçaya yazdıra bilməyən Əliyeva Nişanə deyir ki, əvvəlcədən növbəyə yazılsa da, yarım saat gecikmə olduğundan istədiyi bağçada yerlər dolub.
Bağçaya uşaq yazdırdıqda yaranan növbə, çətinliklə bağlı İnfomator.az araşdırma edib. Problemə münasibət bildirən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Təhsil Nazirliyi sadələşdirilmiş sistem yaradılıb. Valideynlər müvafiq olaraq, bağçalara qəbulla bağlı sayta daxil olub, qeydiyyatdan keçir, növbəyə yazılırlar. Yaşadıqları əraziyə yaxın hansı bağçalar varsa, həmin bağça üzrə qeydiyyata düşürlər. “Əvvəl bu proses daha fərqli idi, bağçalar yerli icra hakimiyyəti orqanlarının tabeliyində idi və nəticə etibarı ilə kim hansı formada istəsə, övladlarının qəbulunu həyata keçirirdi. Burada tanışlıq, tapşırıq faktı da var idi və s. İndiki sistemdə isə bu məsələlər yoxdur, yəni bir növ asanlaşdırılıb, amma təəssüflər olsun ki, asan olması ilə parelel bir növ manelər var”.
Manelər nədən ibarətdir? Təhsil ekspertinin fikrincə, insanlar elektron xidmətlərdən faydalana bilmədikləri üçün problem yaranır. Elçin Əfəndinin fikrincə, mövcud problemin həll yolu bağçaların sayını artırmaqdır. Çünki, hazırda fəaliyyətdə olan 1900-ə yaxın dövlət bağçası sayı 200 mindən çox olan azyaşlını qəbul edəcək gücdə deyil.
ÇİNARƏ MURADOVA
