Bakı-2015: Azərbaycan yığmasının bayraqdarı müəyyənləşib
Avropa Oyunlarında Azərbaycan millisinin bayraqdarı müəyyənləşib.
İnformator xəbər verir ki, yarışda üçrəngli bayrağımızı cüdo üzrə dünya çempionatının gümüş medalçısı, Avropa çempionu Elmar Qasımov daşıyacaq.
Bu barədə jurnalistlərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib: "Say etibarı ilə ikinci olsa da, bu yarışda ən böyük komanda bizik. Bu gün yeni mərasimin təməl daşını qoyuruq. Qərara gəlmişik ki, Azərbaycanın bayrağını burdan başlayaq. Bayrağımız məhz burda bayraqdara təqdim olunacaq”.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatının qalibidir. İdmançı Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qrand-pri yarışları və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən Qrand Şlem yarışında gümüş medala sahib olub. 2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil olunmuş Qrand Şlem yarışında Qasımov qızıl medal qazanıb.
