00:00:00
Yazar
Ayan Sədi
16.04.2026 18:40 26 2 dəq oxuma
Media

Bakı Dövlət Universitetində “Professor Nəsir İmanquliyev dərsləri”nin ilk görüşü

Bakı Dövlət Universitetində “Professor Nəsir İmanquliyev dərsləri”nin ilk görüşü

 

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk qonağı Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli olub. Layihənin ilk dərsi “Mətbuat tariximizdə “Bakı” və “Baku” qəzetlərinin yeri” mövzusunda keçirilib.

 

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliği məqsədilə keçirilən layihə haqqında məlumat verib. Belə təşəbbüslərin birbaşa tələbələrdən gəlməsinin müsbət tendensiyaya çevrildiyini bildirib.

Professor Nəsir İmanquliyevin qəzetdə informasiya yaradıcılığını ən vacib hesab etdiyini deyən Zemfira Məhərrəmli onun uzun illər rəhbəri olduğu “Bakı” - “Baku” axşam qəzetlərinin nəinki Azərbaycan mətbuatında, bütövlükdə mədəniyyət tariximizdə böyük hadisə olduğunu vurğulayıb: “Nəsir İmanquliyev yaddaşlarda jurnalistikamızda yaratdığı peşəkarlıq məktəbi ilə əbədi qalacaq. Bu məktəbin davamçıları isə onun yetişdirdiyi tələbələri, bu gün onlardan dərs alan gənc jurnalistlərdir. Nəsir müəllimin auditoriyadan başlayan seçimi yaradıcılıq laboratoriyası hesab edilən “Bakı” - “Baku” qəzetlərində işə qəbulla nəticələnirdi. Onlardan biri də mən idim. Bu qəzetdə 20 ildən çox çalışmağım həm jurnalistik, həm ədəbi fəaliyyətimdə böyük rol oynayıb. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayrılıb, oxucular daim yeni informasiyalarla təmin ediliblər. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılırdı”.

 

Əməkdar jurnalist Zemfira Məhərrəmli Nəsir İmanquliyevin bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirdiyini qeyd edib, sevimli müəllimi haqqında xatirələrini bölüşüb: “Nəsir İmanquliyev həm peşəkar redaktor, həm də təcrübəli müəllim kimi tələbə jurnalistlərin yaradıcılığına geniş imkan yaradırdı. Nəsir müəllimin məktəbi bu gün də davam edir. Nəsir İmanquliyevin həyat və yaradıcılığı müasir jurnalistikamız üçün böyük örnəkdir”.

 

Sonda qonaq tələbələrin professor Nəsir İmanquliyevin həyat və yaradıcılığına dair suallarını cavablandırıb.

 

#nəsir #dövlət #xəbər #“professor #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər