Bakı Dövlət Universitetində “Zəfərə 44 addım” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Sosial Elmlər və Psixologiya fakültəsinin tələbələri və Azərbaycan dilçiliyi kafedrasının müəllimi Şəhla Hüseynovanın təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunmuş “Zəfərə 44 addım” adlı tədbir keçirilib.
Tədbirdə Sosial Elmlər və Psixologiya fakültəsinin Sosial iş ixtisası üzrə təhsil alan tələbələri, “İşıqlı sabah” İctimai Birliyinin direktoru Şəhla Hüseynova, BDU-nun müəllimi Afaq Sadıqova, eləcə də Xırdalan şəhər 2 saylı tam orta məktəbin müəllimi, məktəbin YAP Qadınlar Şurasının sədri Gözəl Abbasova çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki mühüm yeri, xalqımızın birlik və həmrəyliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və tarixi Qələbənin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Bildirilib ki, bu Zəfər xalqımızın milli iradəsinin, əzminin və Vətən sevgisinin təntənəsidir. Şəhidlərin göstərdiyi fədakarlığın heç zaman unudulmayacağı, onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi vurğulanıb.
Tədbir çərçivəsində fakültənin Sosial iş ixtisası üzrə təhsil alan tələbələrinin hazırladığı, 44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Vətən müharibəsində qazanılan tarixi Qələbənin gələcək nəsillərə ötürülməsinin və milli yaddaşın qorunmasının vacibliyi qeyd olunub.

