00:00:00
Yazar
Banuçiçək Məmmədova
01.06.2026 21:15 27 2 dəq oxuma
Sosial

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək

Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ və Azərbaycan arasında İqtisadi Dialoq təşkil olunacaq. Bu platforma iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, ticarət, investisiya və innovasiya sahələrində yeni imkanların müzakirəsi üçün mühüm əhəmiyyət daşıyır. Dialoq çərçivəsində dövlət qurumları və biznes nümayəndələri bir araya gələrək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Tədbirin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyi gözlənilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ülviyyə Zülfüqar qeyd edib ki, ABŞ-Azərbaycan İqtisadi Dialoqunun ilk dəfə Bakı Enerji Həftəsi çərçivəsində keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın daha geniş sahələrə doğru inkişaf etdiyini göstərir:

 

“Bu platformanın əsas məqsədi dövlət qurumları və biznes dairələri arasında birbaşa təmasları artırmaq, investisiya imkanlarını müzakirə etmək və qarşılıqlı iqtisadi maraqlar əsasında yeni əməkdaşlıq mexanizmləri formalaşdırmaqdır. Xüsusilə, qlobal iqtisadi qeyri-stabilliyin artdığı bir dövrdə belə dialoqlar tərəflər arasında etimadın möhkəmlənməsinə və uzunmüddətli iqtisadi tərəfdaşlığın dərinləşməsinə xidmət edir. Dialoq enerji sahəsi ilə yanaşı, ticarət, rəqəmsal transformasiya, innovasiya, yüksək texnologiyalar, nəqliyyat-logistika və yaşıl enerji istiqamətlərində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yarada bilər. Azərbaycanın son illərdə bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat və Orta Dəhliz layihələri üzrə artan rolu ABŞ şirkətləri üçün də maraq doğurur. Eyni zamanda ABŞ-nin qabaqcıl texnologiyaları və investisiya potensialı Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasətinə əlavə dəstək verə bilər. Bu baxımdan İqtisadi Dialoq biznes əlaqələrinin genişlənməsi və yeni investisiya layihələrinin formalaşması üçün mühüm platforma rolunu oynaya bilər. Bakı Enerji Həftəsi isə artıq uzun illərdir ki, Azərbaycanın beynəlxalq enerji diplomatiyasının əsas platformalarından biri kimi çıxış edir. Tədbir ölkənin enerji təhlükəsizliyi, tranzit imkanları və regional əməkdaşlıq sahəsindəki rolunu nümayiş etdirməklə yanaşı, Azərbaycanı qlobal enerji bazarının mühüm iştirakçılarından biri kimi təqdim edir. Son illərdə ənənəvi enerji ilə yanaşı yaşıl enerji gündəliyinin də ön plana çıxması Bakı Enerji Həftəsinin əhəmiyyətini daha da artırıb. ABŞ-Azərbaycan İqtisadi Dialoqunun məhz bu platforma çərçivəsində keçirilməsi enerji əməkdaşlığının iqtisadi və texnoloji tərəfdaşlığa çevrilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

 

Banuçiçək Məmmədova

#azərbaycan #gündəm #baki #yeni #ilk
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər