Bakı Forumu çərçivəsində “The Economist” jurnalının təşkilatçılığı ilə sammit keçirilib
Qlobal siyasi və iqtisadi gündəmin ən aktual mövzuları XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammitində müzakirə edilib. The Economist jurnalının təşkilatçılığı ilə baş tutan sammitdə Yaxın Şərqdə davam edən müharibənin geosiyasi və iqtisadi nəticələri, eləcə də Orta Dəhlizin region üçün yaratdığı yeni imkanlar ön plana çıxıb.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində politoloq Oqtay Qasımov bildirir ki, biz inanırıq ki, artıq bu forum dünyada mühüm müzakirə platformalarından birinə çevrilməkdədir:
“Burada iştirak edən siyasətçilər, keçmiş dövlət və hökumət başçıları, həmçinin dünyada ictimai rəyə təsir edən nüfuzlu ictimai liderlər qlobal səviyyədə vacib problemləri müzakirə edir, müxtəlif fikirlər səsləndirir və bu problemlərin həlli yollarını axtarırlar. Hesab edirəm ki, bu forum artıq dünyanın vacib qeyri-rəsmi müzakirə mərkəzlərindən biri kimi formalaşmağa başlayıb. Regionumuzda və yaxın coğrafiyada baş verən münaqişələr göstərir ki, bu hadisələr dünya enerji bazarına ciddi təsir edir. Xüsusilə, strateji boğazların bağlanması enerji bazarında qiymətlərin sürətlə artmasına səbəb olur və neft məhsullarının qiymətlərinə birbaşa təsir göstərir. Bu isə qlobal iqtisadiyyat üçün olduqca ciddi faktor hesab olunur”.
Həmçinin ekspertin sözlərinə görə, Türkiyədə və yaxın qonşuluğumuzda baş verən müharibələr də göstərdi ki, dünyanın təhlükəsizlik sistemi hələ də həssasdır və regional münaqişələr qlobal sabitliyə ciddi təsir edə bilir:
“Digər tərəfdən, beynəlxalq münasibətlərdə ortaq dəyərlər üzərində qurulan əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Məsələn, Amerika ilə İsrail münasibətlərinin ortaq dəyərlər əsasında qurulması onların siyasi əməkdaşlığında mühüm rol oynayır. Bu yanaşma Avropa ilə münasibətlərin qurulması baxımından da vacib amildir. Hazırda Çinlə Avropa arasında qurulan əlaqələrin şimal istiqaməti Rusiya-Ukrayna müharibəsi səbəbindən məhdudlaşıb, cənub istiqaməti isə İran ətrafında baş verən gərginliklər səbəbindən çətinləşib. Bu şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Orta Asiyadan başlayaraq Azərbaycan üzərindən Avropaya uzanan bu dəhliz qlobal ticarət və logistika baxımından strateji əhəmiyyət daşıyır. Məhz buna görə də, dünyanın aparıcı gücləri bu dəhlizlə ciddi maraqlanırlar və onun inkişafına diqqət yetirirlər. Azərbaycanın bu prosesdə fəal iştirakı, qəbul olunan qərarlar və həyata keçirilən layihələr ölkəmizin iqtisadi və geosiyasi rolunun artdığını göstərir. Bütün bunlar eyni zamanda Azərbaycanın sosial, iqtisadi və mədəni təsir imkanlarını artıran mühüm amillərdən biri hesab olunur”.
Ədilə Hüseynzadə