00:00:00
Yazar
Admin User
07.11.2023 10:39 436 3 dəq oxuma
Sosial

Bakı metrosunu 56-cı ildönümündə hansı yeniliklər gözləyir?

Bakı metrosunu 56-cı ildönümündə hansı yeniliklər gözləyir?

Keçmişə dərin ehtiram, gələcəyə böyük ümidlə…
Bakının ictimai sərnişin nəqliyyatının tarixi XIX əsrin sonlarına gedib çıxır. 6 noyabr tarixi isə 56 il bundan əvvəl paytaxtın fəaliyyətdə olan kütləvi sərnişindaşıma sistemində elektriklə hərəkətə gətirilən əsas nəqliyyat vasitəsi- 5 stansiya ilə işə başlayan metropolitendir. Bakı metropoliteni Azərbaycanın paytaxtı Bakı şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi, Türk ölkələri arasında qurulan ilk metropolitendir.

 

İnformator.az metropolitenin 56-cı ildönümü münasibətilə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət edib. Bəxtiyar Məmmədov ilk növbədə, Bakı Metrosunu 56-cı ildönümündə hansı yenilikləri gözləməsindən söz açıb.

 

“Bakı Metropolitenində növbəti il üçün müəyyən yeniliklər nəzərdə tutulub. Artıq bütün sahələr üzrə cari planlar təsdiq olunur, eyni zamanda nəzərdə tutulan böyük vəzifələr də bəllidir”.

 

Mətbuat katibinin sözlərinə görə, növbəti il ərzində "Cəfər Cabbarlı" stansiyasının əsaslı təmiri və yenidənqurma işlərinin əsas mərhələsi başa çatdırılacaq.

 

“Daha sonra isə növbəti istiqamətdə müəyyən tədbirlər həyata keçiriləcək. "Həzi Aslanov" stansiyasının əvvəlcə dalan yolundan başlayaraq əsaslı təmiri və yenidənqurma işləri görüləcək. Hətta demək olar ki, dalan tamamilə yenidən qurulacaq. Təbii ki, bu kifayət qədər vaxt aparacaq. Lakin “Bakı Metropoliteni” həmin şəraitdə də sərnişinlərin "Həzi Aslanov" stansiyasından istifadəsinə şərait yaradacaq. Yalnız stansiyanın özündə əsaslı təmir işləri başlayanda müvafiq qayda ilə texniki nüanslara bir daha baxılacaq, qərar veriləcək”.

 

B.Məmmədov deyir ki, hazırda inşası davam edən "Bənövşəyi xətt"in 5-ci və 4-cü yeraltı stansiyasında da işlər davam edir.

 

“Məlumat vermişdik ki, qazıntı işləri, əsasən başa çatıb, yalnız keçidləri qalıb. Növbəti il ərzində isə stansiyada inşaatın son tamamlama mərhələsi istiqamətində işlər yekunlaşacaq. Əhəmiyyətli yeniliklərdən biri də odur ki, stansiyanın infrastrukturunun qurulmasına başlanılacaq, bu qayda ilə stansiya 2025-ci ilin birinci yarısında istifadəyə hazır olacaq”.

 

Mətbuat katibi qeyd edir ki, digər sahələrdə də qatarlar, ventilyasiya, vaqonların əsaslı və ya orta təmir olunması ilə bağlı tədbirlər nəzərdə tutulub və bu istiqamətdə də müəyyən addımlar atılacaq.

 

Bəs, istifadə qaydaları ilə əlaqədar Metropoliteni nə kimi yeniliklər gözləyir?

 

Bəxtiyar Məmmədovun sözlərinə görə, istifadə qaydaları ilə bağlı yenilik gözlənilmir.

 

“Ancaq yeni ödəniş üsulunun- QR bilet ödəniş üsulunun tam tətbiqi 2024-cü ilin birinci yarısında başa çatdırılacaq. Digər ödəniş üsullarına şərait yaradılması ilə bağlı tədbirlər görüləcək. Sərnişin daşıma ilə bağlı isə "Həzi Aslanov"stansiyasında təmir başlayanda Bakı Metropolitenində hərəkət qrafiki dəyişdiriləcək".

 

Bəxtiyar Məmmədov son zamanlar müzakirə olunan tarif dəyişikliyi ilə bağlı da açıqlama edib.

 

"Cənab Prezident İlham Əliyevin fərmanı ilə müvafiq dəyişikliklər edilib, əlavə olaraq həmin sənəddə müəyyən mexanizmlərin hazırlanması və digər məsələlərə ətraflı şəkildə baxılıb. Hazırda Bakı Megropoliteninin tariflərinə baxılması ilə bağlı müraciət olmayıb”.

 

Müsahib sonda qeyd edir ki, Bakı Metropoliteni tarifləri özü tənzimləyən qurum deyil.

 

“Mətbuat Xidmətinin rəhbəri sonda əlavə edir ki, Bakı Metropoliteni 56 illik tarixində hər ilin nəticəsinə əsasən, zərərlə işləyib. Ümumiyyətlə, dünyada metropoliten sistemi, ictimai-şəhər sərnişindaşıma nəqliyyatı sistemi əsasən zərərlə işləyən və ya mənfəəti çox az olan təşkilatlardandır. Bir sərnişinindaşınmasının maya dəyərindən asılı olmayaraq, ötən 56 ildə olduğu kimi hazırki ildə də, hökümətin bu və ya digər yardımları sayəsində müəyyən tənzimlənmələr aparılır".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər