00:00:00
Yazar
Bəsti Nəsibova
29.05.2026 16:47 23 2 dəq oxuma
Sosial

Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzində: WUF13 beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf platforması kimi

Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzində: WUF13 beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf platforması kimi

Mayın 17–22-də Bakı şəhərində keçirilən WUF13 (Ümumdünya Şəhərsalma Forumu XIII) uğurla başa çatdı. UN-Habitat tərəfindən təşkil olunan forum dayanıqlı şəhərsalma, urbanizasiya və sosial inkişaf məsələlərinin müzakirə edildiyi ən nüfuzlu qlobal platformalardan biri kimi yadda qaldı.

Forum çərçivəsində şəhər mühiti, iqlim dəyişikliyi, əlçatan mənzil, sosial inklüzivlik və dayanıqlı inkişaf kimi aktual mövzular ətrafında geniş müzakirələr aparıldı. Tədbirin əsas məqsədi təhlükəsiz, dayanıqlı və hər kəs üçün əlçatan şəhər və yaşayış məskənlərinin formalaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi idi.

WUF13 dünyanın 176 ölkəsindən 53 mindən çox iştirakçını — dövlət rəsmilərini, urbanistləri, memarları, ekspertləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirdi. Forum Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirdi.

Azərbaycanın ilk dəfə bu mötəbər tədbirə ev sahibliyi etməsi Bakını şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirdi. Bu baxımdan, WUF13-ün Bakıda keçirilməsi yalnız region üçün deyil, bütövlükdə qlobal urbanizasiya gündəliyi üçün də əlamətdar hadisə hesab olunur.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu forumun əsas istiqamətlərindən biri olub. United Nations hesabatlarına əsasən, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş şəraitdə yaşayır. Bu isə mənzil və sosial rifah məsələlərinin qlobal miqyasda həllini gözləyən ən vacib problemlərdən biri olduğunu göstərir.

Müxtəlif ölkələrdən gələn nümayəndələr forum zamanı əlçatan mənzil siyasətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bakı forumu dayanıqlı şəhər inkişafı üzrə yeni yanaşmaların formalaşdırılması, praktiki həllərin müzakirəsi və beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib.

Beynəlxalq səviyyəli sosial və iqlim problemlərinin Bakıda müzakirəsi ilk dəfə baş vermir. Belə ki, 2024-cü ilin noyabr ayında COP29 da Bakıda keçirilib. Bu isə Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da möhkəmləndirir.

WUF13 çərçivəsində “Bakı Fəaliyyətə Çağırışı” (“Baku Call to Action”) sənədi də qəbul olunub. Sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir.

Sənəddə bəyanatlardan real fəaliyyət mərhələsinə keçidin vacibliyi xüsusi vurğulanır. Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, iqlim maliyyələşməsinin genişləndirilməsi, eləcə də mənzil siyasətinin nəqliyyat, infrastruktur, sosial müdafiə, ekologiya və iqtisadi inkişaf məsələləri ilə inteqrasiyası əsas prioritetlər sırasında göstərilir.

Bakıda keçirilən forum beynəlxalq ictimaiyyətin diqqətini qlobal sosial problemlərə yönəltməklə yanaşı, dövlətlərə və beynəlxalq qurumlara insan rifahı, sosial təminat və dayanıqlı yaşayış məsələlərinə daha həssas yanaşma çağırışı kimi də qiymətləndirilir.

"Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi" ictimai birliyinin sədri İradə Polad

#platforması #yeni #gündəliyinin #qlobal #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər