00:00:00
Yazar
Admin User
15.12.2025 18:42 90 3 dəq oxuma
Sosial

Bakı Qurultayının elmi mirası

Bakı Qurultayının elmi mirası

Professor Osman Mert bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafında mühüm rol oynayıb. O qeyd edib ki, qurultayın 131 nümayəndəsinin əksəriyyəti sonradan repressiyalara məruz qalıb. Mert 2026-cı ildə Səmərqənddə keçirilməsi planlaşdırılan ikinci qurultayın Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq şəraitində təşkil olunacağını və bunun Bakı qurultayı iştirakçılarının xatirəsinə ehtiram olacağını bildirib. Professor Osman Mert bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafında mühüm rol oynayıb. O qeyd edib ki, qurultayın 131 nümayəndəsinin əksəriyyəti sonradan repressiyalara məruz qalıb. Mert 2026-cı ildə Səmərqənddə keçirilməsi planlaşdırılan ikinci qurultayın Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq şəraitində təşkil olunacağını və bunun Bakı qurultayı iştirakçılarının xatirəsinə ehtiram olacağını vurğulayıb.

 

Mövzu ilə bağlı türkoloq alim Elçin İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, dilçilik sahəsində əməkdaşlıq həm də türk xalqları arasında mədəni və intellektual inteqrasiyanın əsas dayaqlarından biridir:

 

"1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk dilçiliyinin tarixində dönüş nöqtəsi hesab olunur. Bu toplantı təkcə elmi müzakirə platforması deyil, eyni zamanda türk dillərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisə idi. İlk dəfə olaraq müxtəlif türk xalqlarını təmsil edən alimlər bir araya gələrək əlifba islahatı, terminologiya, ədəbi dil, dialektologiya və təhsil kimi fundamental məsələləri sistemli şəkildə müzakirə etdilər. Qurultayda qəbul edilən qərarlar, xüsusilə latın qrafikasına keçid təşəbbüsü, türk dillərinin modernləşməsinə, savadlanmanın artmasına və elmi dilin formalaşmasına ciddi təkan verib. Ən mühüm nəticələrdən biri isə türk xalqları arasında dil birliyi ideyasının elmi müstəvidə əsaslandırılması olub.

 

Türk dilləri eyni dil ailəsinə mənsub olmaqla yanaşı, fonetik, morfoloji və sintaktik baxımdan mühüm oxşarlıqları qoruyub saxlayan geniş bir dil sistemidir. Bu dillərin ayrı-ayrılıqda öyrənilməsi müəyyən nəticələr versə də, onların müqayisəli şəkildə araşdırılması türkoloji tədqiqatların elmi dəyərini xeyli artırır. Məhz bu əməkdaşlıq ümumtürk dil tarixinin bərpası, dialekt və şivələrin sistemləşdirilməsi, eləcə də ortaq leksik və terminoloji fondun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Bununla yanaşı, elmi əməkdaşlıq vahid metodoloji yanaşmanın formalaşmasına xidmət edir. Fərqli elmi məktəblər arasında mövcud metodoloji fərqlər ortaq layihələr və beynəlxalq platformalar vasitəsilə aradan qaldırılır, terminoloji qarışıqlığın qarşısı alınır. Bu proses türkoloji elmin beynəlxalq elmi mühitdə tanınmasını və qəbulunu gücləndirir".

 

Müsahibimizin sözlərinə görə, dilçilik sahəsində əməkdaşlıq həm də türk xalqları arasında mədəni və intellektual inteqrasiyanın əsas dayaqlarından biridir:

 

"Dil tarixi yaddaşın və milli kimliyin daşıyıcısıdır. Bu yaddaşın elmi əsaslarla qorunması türk xalqlarının keçmişini daha düzgün anlamağa və gələcək üçün sağlam intellektual irs formalaşdırmağa imkan yaradır. Bu baxımdan Birinci Türkoloji Qurultayın ideyaları bu gün də aktuallığını qoruyur.

 

Birinci Türkoloji Qurultayın bir çox iştirakçısının sonradan repressiyalara məruz qalması türk dilçiliyi üçün ağır elmi və institusional itkilərə səbəb olub. Buna baxmayaraq, həmin alimlər qısa zaman ərzində apardıqları fundamental tədqiqatlarla türkoloji elmdə silinməz iz buraxıblar. Onların əlifba islahatı, dil tarixi, dialektologiya və terminologiya sahəsində irəli sürdükləri ideyalar bu gün də elmi əhəmiyyətini qoruyur.

 

Repressiyalar alimlərin fəaliyyətini fiziki olaraq dayandırsa da, onların elmi düşüncəsi tamamilə aradan qalxmayıb. Əksinə, bu irs sonrakı nəsil dilçilər üçün əsas istinad mənbəyinə çevrilib. Xalid Səid Xocayev, Bəkir Çobanzadə, Salman Mümtaz kimi görkəmli türkoloqların repressiyaya məruz qalması türkoloji tədqiqatlarda uzunmüddətli fasilələrə və metodoloji boşluqlara səbəb olub, bir sıra elmi istiqamətlərin inkişafını onilliklərlə ləngidib.

 

Bu alimlərin irsinin yenidən elmi dövriyyəyə qaytarılması bu gün yalnız tarixi ədalətin bərpası deyil, həm də müasir türkoloji elmin qarşısında duran mühüm vəzifədir. Onların əsərlərinin tənqidi nəşri və çağdaş metodlarla təhlili türk dilçiliyinin sağlam elmi ənənələr üzərində inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

 

Qurultayın ikincisinin Səmərqənddə keçirilməsi Birinci Türkoloji Qurultayın ideyalarına sadiqliyin bariz nümunəsidir. Çünki bu təşəbbüs hələ Birinci Qurultayın sonunda irəli sürülmüşdü, lakin tarixi-siyasi proseslər onun reallaşmasını uzun müddət mümkünsüz etmişdi. Bu baxımdan ikinci qurultay həm tarixi yaddaşa hörmətin, həm də türkoloji elmin davamlılığının təmin olunmasının mühüm göstəricisi kimi dəyərləndirilir".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər