Bakı-Tbilisi-Bakı sərnişin qatarı yenidən relslərdə: regional əlaqələr güclənir
Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarı Gürcüstandan Azərbaycana yola salınıb.
Məlumata əsasən, qatar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin güclənməsinə müsbət təsir göstərə bilər:
“Qatar reyslərinin yenidən açılması iki ölkə arasında insanların gediş-gəlişini asanlaşdırır, işgüzar əlaqələri artırır və ticarət dövriyyəsinin genişlənməsinə şərait yaradır. Bu nəqliyyat əlaqəsi regionda əməkdaşlığın daha da inkişaf etməsinə kömək edə bilər”.
İqtisadçı bildirib ki, sərnişin axınının artması turizm və xidmət bölməsində də canlanma yarada bilər:
“Bakı və Tbilisi arasında səyahət imkanlarının genişlənməsi turist sayının artmasına səbəb ola bilər. Bu isə hotellər, restoranlar, kafelər, nəqliyyat xidmətləri və turizm şirkətləri üçün əlavə gəlir imkanları yaradır. Eyni zamanda, qatarın dayandığı şəhərlərdə də iqtisadi aktivlik arta bilər”.
Ekspert həmçinin bildirib ki, regional dəmir yolu daşımalarının genişlənməsi Azərbaycanın tranzit və logistika imkanlarını daha da gücləndirir:
“Ölkə regionda mühüm nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirə bilər. Dəmir yolu əlaqələrinin inkişafı beynəlxalq yük və sərnişin daşımalarının artmasına, yeni logistika layihələrinin həyata keçirilməsinə və əlavə investisiyaların cəlb olunmasına şərait yaradır”.
Aişə Mustafayeva