00:00:00
Yazar
Admin User
21.01.2026 17:33 24 3 dəq oxuma
Siyasət

Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub

Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub

“Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin axtarışındadırlar”.

 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

 

İlham Əliyev multikultural mühitin, mədəni və etnik müxtəlifliyin Bakını yaşamaq, istirahət etmək və investisiya üçün cəlbedici etdiyini qeyd edib.

 

Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, turistlərin Azərbaycanı seçməsinin əsas səbəblərindən biri ölkədə təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasıdır:

 

“Əlbəttə, bu gün Azərbaycana gələn turistlərin sayı artmaqda davam edir. Bir müddət öncə nisbətən bir neçə faiz azalsa da, bu, dünyada baş verən geosiyasi vəziyyət ilə əlaqəli idi. Yəni bu, Azərbaycan turizmi ilə bağlı deyildi. Amma indi, şükürlər olsun ki, daha da intensiv olaraq artmaqda davam edir. Bu gün, əsasən, Avropa ölkələrindən, eyni zamanda Rusiyadan, Pakistandan, Hindistandan, Ərəb dövlətlərindən, Türkiyədən, Gürcüstandan Azərbaycana turistlər gəlir. Ümumiyyətlə, yaz gəldikcə, yay mövsümündə turistlərin sayı daha da çoxalacaq. Əlamətdar günlərdə xarici vətəndaşların da sevdiyi bizim milli musiqi çələngi, milli geyimlər, bölgələrimizdə, otellərdə şou proqramlar təşkil olunur. Təbii ki, bir çox dövlətlər Azərbaycana bu əlamətdar günlərdə gəlməyə daha çox üstünlük verirlər. Ümumi olaraq, turistlərin dünya dövlətləri arasında Azərbaycanı seçməyinin səbəbi birmənalı olaraq burada ictimai asayişin yüksək səviyyədə qorunub saxlanılması və təhlükəsizlik məsələsidir. Azərbaycanda siyasi sabitlik, turistlərə individual olaraq xidmət var və turistlərin təhlükəsizliyi qorunur. Gecənin hər hansı bir saatında turist Azərbaycanın istənilən nöqtəsində rahat şəkildə, maneəsiz, qorxusuz, təhlükəsiz gəzə bilər. Bütün turistlər hər hansı bir ölkəyə getdikdə ilk növbədə bu məsələləri, sonra digər məsələləri nəzərə alır”.

 

Ekspert qeyd edib ki, Azərbaycandaki münasib qiymətlər də turist axınının artmasına mühüm təsir göstərir:

 

“Azərbaycanda qiymətlərin də münasib olması turistlər üçün əlverişlidir. Xüsusən də taksi xidməti, marşrutlar, transfer xidmətləri bütün ölkələrə baxanda Azərbaycanda ucuzdur. Bu da çox sevindirici bir haldır, turistlər də bundan çox xoşhal olurlar. Biz dəfələrlə turistlərdən sorğu keçirdikdə bunun şahidi olmuşuq. Yəni, Avropa ölkələrinə nəzər salsaq, görərik ki, orada beş kilometrlik yolu taksi otuz, qırx, əlli avroya aparır. Amma burada beş kilometr yolun ən maksimal qiyməti üç-beş manatdır. Avro ekvivaletində iki-üç avro. Yəni bu da önəmli bir məsələdir. Otellərin də xidməti çox yüksək səviyyədədir. İndi bilirsiniz, əvvəlki dövr kimi deyil. Beş il, on il bundan qabaqkı dövrə nəzər salsaq, çatışmazlıqlar çox idi. Amma bugün müqayisədə daha çox rəqabət qiymət üzərində deyil, keyfiyyət üzərində qurulub. Hər kəs öz müştərisini yaxşı təəssüratla yola salmaq istəyir ki, ikinci dəfə həmin otelə, həmin turizm şirkətinə və yaxud da ki, həmin aviaşirkətə təkrar müraciət etsin. Üçüncü əsas önəmli faktorlardan biri odur ki, bu gün Azərbaycanın milli aviadaşıyıcısı olan Azərbaycan Hava Yolları (AZAL) mütəmadi olaraq endirimli kampaniyalarla aviabiletlər təqdim edir. Bu imkanlardan xarici vətəndaşlar da yararlanırlar. Hesab edirəm ki, AZAL-ın hazırki qiymət siyasəti çox önəmlidir və bu, Azərbaycana turist axınının artmasına ciddi şəkildə təsir göstərir. Nəzərə alsaq ki, Azərbaycana satılan tur paketlərinin əsasını məhz aviabiletlər təşkil edir, bu baxımdan, AZAL-ın fəaliyyəti turist sayının gündən-günə artmasında mühüm rol oynayır”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər