Bakıda “Formula 1” həyəcanı - AÇIQLAMA
Bakıda keçirilən “Formula 1” yarışı şəhərin turizm və xidmət sektorunda canlanma yaradır. Yarış günlərində paytaxta gələn yerli və xarici azarkeşlərin sayı artır, hotellər, restoranlar, nəqliyyat və digər turizm xidmətlərinə tələbat yüksəlir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizim eksperti Rəhman Quliyev bildirib ki, Formula 1 yarışlarının keçirildiyi günlərdə Bakıya həm yarışın azarkeşləri, həm də tədbiri izləmək üçün gələn xarici qonaqların axını artır:
“Bu dövrdə hotellərə, restoranlara, nəqliyyata və digər turizm xidmətlərinə tələbat da yüksəlir. Xüsusilə, xarici turistlərin bir neçə günlük səfərləri şəhərdə turizm dövriyyəsinin və xidmət sektorunun aktivliyinin artmasına təsir göstərir. Bakıda keçirilməyə başladığı 2016-cı ildən etibarən yarış şəhərin beynəlxalq tədbirlər təqvimində tanınan brendlərdən birinə çevrilib. Son illərdə Formula 1-in qlobal auditoriyasının da artması fonunda Bakı yarışına maraq həm yerli, həm də xarici auditoriya baxımından əhəmiyyətini qoruyur. 2024-cü il Bakı yarışı 70-dən çox ölkədən azarkeş qəbul edib və qlobal baxış auditoriyası yüz milyonlarla ölçülüb”.
"Azərbaycanın adını dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçıya çatdırmaqla yarış ölkənin beynəlxalq turizm imicinin tanıdılmasına da imkan yaradır",- deyə ekspert qeyd edib.
“Bakı şəhər trasının İçərişəhər, Xəzər sahili və müasir şəhər panoraması ilə birləşməsi Azərbaycanı yalnız idman deyil, həm də turizm məkanı kimi təqdim edir. Bu baxımdan Formula 1 yarışını Azərbaycanın turizm məhsullarının, qastronomiyasının, mədəni irsinin və şəhər imkanlarının beynəlxalq auditoriyaya nümayişi üçün mühüm platformalardan biri hesab etmək olar”.
Selcan Xudiyeva